Bizim yazıçıların ən çox kin bəslədikləri ədəbiyyat adamı Elxan Elatlıdır. Bəli, cənab Elatlı həqiqətən də zəif, sənətində ustalığın zirvəsinə yetişməmiş bir yazıçıdır. Di gəl ki, tanınmaqda, kitablarını satmaqda, ən əsası, ədəbiyyatdan pul qazanmaqda onunla döşləşəcək başqa bir azərbaycanlı yazıçı yoxdur. Olsa, olsa, Çingiz Abdullayev olar.
Düzü, bir yazıçı olaraq Elxan bəyə mənim də paxıllığım tutur. Detektiv əsərlər yazasan, beş yüz səhifəlik kitabında beş yazıçı cümləsi olmaya, amma kitabdan söz düşəndə ilk sənin adın çəkilə. Zəif mütaliəli oxucular elə zənn edə ki, səndən yaxşısı, səndən üstün kitabyazanı yoxdur.
Bir filoloqla tanış olmuşam. Rəngini itirmiş bomboz sifətli bir kişidir. Deyir, ömrümü ədəbiyyata həsr eləmişəm; kitabla yatır, kitabla oyanıram. Danışanda nitqini kəsərli sözlərlə, təmtəraqlı ifadələrlə bəzəyir. Di gəl, deyir ki, ən çox Elxan Elatlının kitablarını oxuyuram...
Çox yerdə belədir. Hələ o vaxt bir əsgər yoldaşımın əlində Elatlının kitabını görmüşdüm. Ona baxdığımı görəndə kitabı bir kənara qoyub demişdi: "Yaman yazıbdı ha! Görəsən meyxana da deyə bilir?"
Orxan İsmayılov - "DİA-AZ"








