"Son aylarda publik çıxışlarda dəfələrlə qeyd edirdik ki, hökumətin problem təsbiti yanlışdır, təsbit yanlış olduğu üçün də, alınan qərarlar doğru deyil, əks-effekt verir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yəni, hökumət əsas problem kimi büdcə gəlirlərinin azalmasını görür – ona görə də, vergi-rüsum-cərimələri artırmaqla, əsas saydığı problemi həll etməyi düşünür.
Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə iqtisadi aktivliyin azalması, iqtisadiyyatın kiçilməsi, daralmasıdır. Hökumət vergi-rüsum-cərimələri artırdıqca iqtisadi aktivlik daha da daralır, nəticədə büdcəyə daxil olmalar da azalır. Yəni, hökumət əsas problem kimi gördüyü büdcə gəlirlərinin artırılması məqsədinə çatmır, əksinə, büdcə daxilolmaları azalır. Nəticə olaraq ÜDM də zərər görür, 1-ci rübdə Azərbaycanda ÜDM 0,3% azalıb, bu dünyada pis nəticələrədən biridir.
Maliyyə Nazirliyi 1-cü rüblə bağlı məlumatlar açıqlayıb: “Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % az) olub. Xərcləri 10 milyard 531,1 milyon manat (1 il əvvələ nisbətən 3,9 % az) təşkil edib”.
Hörmətli müəllimlər, dəyərli hökumət, baxın, sizin rəsmi rəqəmlərdir, 1-ci rübin nəticələri bizim dediklərimizi sübut edir – vergi-rüsum-cərimələri ilin əvvəlindən artırmısınız – amma, büdcə gəlirləri keçən ilin eyni dövrünə görə 3% azalıb, bir daha, artmayıb ha, azalıb!
Digər tərəfdən büdcə xərclərini də azaldırsınız – 4% də xərcləri kəsmisiniz, bəs bilmirsinizmi ki, Azərbaycanın bəsid iqtisadi modeli məhz büdcə xərclərinin yaratdığı aktivlik üzərinə inşa edilib?! Büdcə xərcləri azalan kimi, iqtisadi aktivlik də kəskin düşür – bu iki faktor arasında bir başa korrelyasiya var..."











