Dünya təcrübəsində uşaqpulunun verilməsi ölkənin demoqrafik göstəricisinə əsasən tətbiq olunur. Bizdə bu sahədə vəziyyət necədir?
Mövzu ilə bağlı Referans MEDİA-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, hazırda ölkəmizdə daha çox həssas qrupları əhatə edən sosial siyasət yeridilir, lakin ümumi ödənişlər və uşaqpulu müavinətləri tətbiq olunmur. Bu istiqamətdə müxtəlif çağırışlar olsa da, bu müraciətlər hələ ki cavabsız qalıb.
Skandinaviya ölkələri, Almaniya və Fransa kimi dövlətlərdə uşaqpulu demoqrafik siyasətin əsas alətlərindən biridir. Demoqrafik böhran yaşayan ölkələr ailə-uşaq sayını stimullaşdırmaq üçün sosial xarakterli tədbirlər görürlər.
Azərbaycanda son dövrlər yeni doğulanların sayı azalsa da, bu, əhalinin azalması ilə müşahidə olunan kəskin böhran səviyyəsində deyil. Hazırkı əsas problem artım tempinin aşağı düşməsidir ki, bu da gələcəkdə ciddi fəsadlar törədə bilər.
Uşaqpulunun verilməsi, çoxuşaqlı ailələrə mükafat və sosial yardımların ayrılması artım tempini yenidən əvvəlki səviyyəyə çatdıra bilər. Əgər bu addımlar atılmasa, bir neçə ildən sonra Azərbaycan da demoqrafik böhran yaşayan ölkələr sırasına daxil ola bilər.
Çoxuşaqlı ailələrin "güzəştli təbəqə" kimi tanınması, onlara diferensiallaşmış yardımların edilməsi və sosial ipoteka hüququnun verilməsi mühüm çıxış yollarıdır.
Uşaqpulu təyin edilməsi ailələrin maddi gəlirlərini artırır və onların üzərindəki maliyyə yükünü azaldır. İşsiz və aztəminatlı ailələrin uşaq xərclərinin bir hissəsinin qarşılanmasına kömək edir. Ailələri ikinci, üçüncü və növbəti uşaqlara sahib olmağa stimullaşdırır, bu isə demoqrafik balansın qorunmasına xidmət edir. Bununla yanaşı daxili iqtisadi çevikliyi artırır, vətəndaş məmnunluğu yaradır və iqtisadi aktivliyi təmin edir. Xüsusilə regionlarda yaşayan çoxuşaqlı ailələrin sosial rifahını yüksəldir.
Uşaqpulunun təyin edilməsi dövlət büdcəsi üçün bəzi çətinlikləri yaradır. Bu dövlət büdcəsi üçün çox böyük sosial yük əmələ gətirir və bu da büdcə kəsirlərinə səbəb ola bilər. Lakin alternativ mənbələrlə bu riski tənzimləmək mümkündür.
Bəzi inkişaf etmiş ölkələrin təcrübəsində göründüyü kimi, əhalidə müəyyən dərəcədə sosial passivlik yaradır. Nəticədə insanlar işləmək əvəzinə yalnız müavinətlərə güvənirlər.
Məsələ ilə bağlı Təklif olunan model isə hamıya eyni məbləğin verildiyi "universal model" büdcəyə əlavə yük olduğu üçün özünü tam doğrultmur. Ən mütərəqqi yanaşma diferensiallaşmış modeldir. Burada uşaqpulu ailənin gəlir səviyyəsinə (gəlir bəyannaməsinə) və uşaqların sayına mütənasib olaraq təyin edilir.










