Ötən ay “Azərsun Holdinq”in idarəetməsində dəyişikliyin həyata keçirilməsi ictimaiyyət üçün bir qədər gözlənilməz oldu. Müşahidə Şurasının sədri postuna Tahir Gözəlin gəlişi holdinqin müasir, innovativ idarəçilik modelinə keçidi ilə əlaqələndirildi.
Bəs, görəsən, əslində, nə baş verdi? Necə oldu ki, cəmi bir il öncə - ötən ilin mayında “Azərsun Holdinq” Müşahidə Şurasının sədri olan Əhməd Gözəl vəzifəsindən getdi?
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Əhməd Gözəl Tahir Gözəlin Müşahidə Şurasının sədri vəzifəsinə keçməsindən sonra nəinki vəzifəsindən, Azərbaycandan da gedərək ailəsinin yaşadığı Dubaya yollanıb.
Tahir Gözəlin “Azərsun Holdinq”in başına keçməsindən sonra isə holdinqdə kütləvi şəkildə ixtisarlar başlayıb. Bu ixtisarlar isə ilk növbədə Əhməd Gözəlin Holdinqə gətirdiyi kadrları əhatə edir. Belə ki, şirkətdəki mənbənin bildirdiyinə görə, Tahir Gözəl qardaşının işə cəlb etdiyi kadrlarının hamısını “Azərsun Holdinq”dən uzaqlaşdırır.
Onu da bildirək ki, ötən həftənin sonlarından başlayan kütləvi ixtisarlara düşən baş ofisdəki işçilərə stajına görə təzminat da ödənilir. Bununla bağlı Əmək Məcəlləsinin tələblərinə də əməl olunduğu bildirilir.
Daha bir maraqlı xəbər isə “Azərsun Holdinq”in tərkibinə daxil olan “Al Market” şəbəkəsi ilə bağlıdır. Məlumata görə, Tahir Gözəlin gəlişindən sonra bu ay ərzində “Al Market”in 60 yaxın filialı bağlanıb. Ay sonuna qədər isə bu sayın 200-ə qədər çatacağı bildirilir.
Qeyd edək ki, Tahir Gözəl eyni zamanda, “Qarabağ” futbol klubunun prezidentidir. Gözəl ailəsinin başçısı Abdolbari Gözəl isə ötən ilin yanvarında Dubayda 76 yaşında dünyasını dəyişib. Mərhum iş adamı Dubayda dəfn olunub.










