“Ermənistanın Baş naziri Nikol Paşinyan olduqca məntiqli bir fikir söyləyib”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan belə deyib.
Parlamentin “Xarici kəşfiyyat fəaliyyəti və kəşfiyyat xidməti haqqında” Qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı müxalifətdən olan “Ermənistan” fraksiyasının deputatı Armenui Qurgeryan Baş nazir Nikol Paşinyanın qarşıdan gələn seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının konstitusion çoxluğu qazana bilməyəcəyi təqdirdə sentyabr ayında fəlakətli müharibənin başlayacağı barədə açıqlamasına dair sual verib:
“Bu açıqlama Xarici Kəşfiyyat Xidməti tərəfindən konkret məlumatlar əsasında verilib, yoxsa Xarici Kəşfiyyat Xidmətinin bundan xəbəri olmayıb?
Əgər belə deyilsə, onda belə bir açıqlamanın hansı əsasla verildiyini, onu təsdiqləmək və ya müvafiq faktı qeyd etmək üçün konkret əməliyyat kəşfiyyat məlumatlarını əldə etmək cəhdlərinin olub-olmadığını və bizə qarşı bu müharibəni hansı ölkənin başlamalı olduğunu öyrənməyə çalışmısınızmı?”, - deyə müxalifət nümayəndəsi sual edib. Buna cavab olaraq Kristine Qriqoryan Baş nazirin sözlərinə aydınlıq gətirib:
“Əgər seçki kampaniyası zamanı bir-biri ilə rəqabət aparan siyasi qüvvələr sülh arxitekturasının təməl daşlarını şübhə altına almağa başlasalar, bu, sülhün gələcəkdə məhv ola biləcəyini göstərir.
Baş nazirin sözləri də bu məntiqə uyğun olaraq başa düşülməlidir”.Buna cavabında Armenui Qurgeryan isə Paşinyanın fikirlərini məntiqsiz adlandırıb.
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyəti “Sülh partiyası”, müxalifəti isə “Müharibə partiyası” adlandıraraq Ermənistan cəmiyyətini seçim etməyə çağırıb.
Baş nazir aprelin 6-da verdiyi açıqlamada müxalifətin seçkilərdə qalib gələcəyi təqdridə sentyabr ayında müharibəyə başlayacağını deyib.
O bildirib ki, sülh gündəminin reviziyası Ermənistan üçün təkcə ərazilərin deyil, həm də suverenliyin tamamilə itirilməsi riskini daşıyır.
Bu bəyanatdan sonra radikal müxalifət ardıcıl şəkildə Nikol Paşinyanın fikirlərini təkzib etməyə və sülhə qarşı olmadığını nümayiş etdirməyə çalışır. Çünki Nikol Paşinyanın bəyanatı Ermənistanda siyasi “partlayış”a səbəb olub.
Belə ki, Ermənistanda seçici kütləsi “müharibə yoxsa, sülh” sualı ilə qarşı-qarşıya qalıb. Paşinyanın açıqlaması revanşist qüvvələr üçün problem yaratmağa başlayıb.
Bu gün Ermənistan cəmiyyəti müharibənin daha ağır məğlubiyyətə və itkilərə səbəb olacağından narahatlıq mövcud olduğundan sülh tərəfdarları üstünlük təşkil edir. Nəticədə, revanşist müxalifət seçkilərdə müharibə əleyhdarlarının və tərəddüdlü elektoratın səslərini itirə bilər.
Eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunun deputatı Armenui Qurgeryanın Paşinyanın bəyanatının hər hansı kəşfiyyat məlumatlarına əsaslanmadığı barədə iddaları əslində, diqqəti revanşistlərin müharibə planlarından yayındırmağa xidmət edir.
Qurgeryanın guya başqa dövlətin Ermənistana hücum edəcəyi barədə sualı da manipulyasiya məqsədi daşıyır. Halbuki, Robert Köçəryan hakimiyyətə gələcəyi təqdirdə, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişindən və kommunikasiyaların açılmasına dair digər razılaşmalardan imtina edəcəyini açıq şəkildə deyib.
Sülhdən imtina isə münaqişənin başlanmasına gətirib çıxara bilər. Revanşist müxalifətin digər qütbündə liderlik edən rusiyalı milyarder Samvel Karapetyan da erməniləri Qarabağa qaytaracağını vəd edir.
Onun Qarabağı “ikinci vətənimiz” adlandırması Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsi deməkdir. Bu da müxalifətin seçkilərdə əsas missiyasının sülhdən imtina və mövcud geosiyasi reallıqları müharibə yolu ilə dəyişməkdən ibarət olduğunu təsdiq edir.
Lakin radikallar bu niyyətlərini açıq şəkildə bəyan edə bilmir. Paşinyan hakimiyyətindən fərqli olaraq, müxalifət cəmiyyətə sülh vəd etmir, eyni zamanda müharibə planlarını da gizlətməklə “kölgə”yə çəkilmək məcburiyyətində qalıb.









