
Azərbaycanda tarix müəllimi 6-cı siniflər üçün olan dərs vəsaitini tənqid edib.
Ölkə.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edən müəllim ibtidai icma quruluşu haqqında məlumatların geniş şəkildə verilməsindən şikayətlənib:
“İbtidai icma quruluşu haqqında 63 səhifədir. Ümumi dünya tarixində isə cəmi 17 səhifədir. 6-cı sinifdə olan hələ başı çiy uşaqdır, bu qədər məlumatı birdən-bir hara verirsən? Azərbaycan tarixini oxumağa başlayan 6-cı sinif uşağı bu kitaba nifrət edir. Gələn bütün şagirdlərin hamısı tarixdən şikayət edir. Çünki müəllim onlara metodika öyrətmir. Kitab da bərbad dildə yazılıb. Sonra da deyirik ki, bizim uşaqlar niyə belədir? Mən nə deyim?!”, - deyə o əlavə edib.
Müəllimin bu sözləri sosialı şəbəkələrdə müzakirələrə səbəb olub. Bir qisim 11-12 yaşlı uşaqlar üçün bu cür geniş informasiya verilməsini lazımsız hesab edərək tənqid ediblər. Bununla belə müəllimin fikirləri ilə razılaşmayanlar da olub.
Bəs təhsil mütəxəssisləri 6-cı sinif tarix dərsliyinin ümumi konsepsiyasını necə qiymətləndirir? İbtidai icma quruluşuna bu qədər geniş yer ayrılması nə dərəcədə əsaslıdır? Dünya tarixi ilə müqayisədə bu mövzuya daha çox yer verilməsi balanssızlıq yaradırmı?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssis müəllimin bu məsələdə haqlı olduğunu deyib: “Çünki əgər dünya tarixinə dərsliklərdə 17 səhifə ayrılırsa, ibtidai icma quruluşuna 63 səhifə həsr olunması artıq ciddi suallar doğurur. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarlarında da qeyd olunur ki, dərsliklər hazırlanarkən şagirdlər üçün təqdim edilən material yığcam, dəqiq və məqsədyönlü olmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzən müəlliflər dərslik və vəsaitlər hazırlayarkən uzun, dolaşıq cümlələrdən və şagird üçün elmi baxımdan o qədər də vacib olmayan məlumatlardan istifadə edirlər. Bu isə doğru yanaşma deyil. İbtidai icma quruluşunun izahı zamanı əsasən həmin dövrlər, onların xarakterik xüsusiyyətləri və tarixi mahiyyəti aydın şəkildə təqdim olunmalıdır. Yəni dərslikdə yalnız əsas, zəruri və elmi baxımdan vacib olan məlumatlar yer almalıdır”.
Elçin Əfəndi qeyd edib ki, bəzi müəlliflər sanki öz biliklərini nümayiş etdirmək məqsədilə dərsliklərə əlavə və geniş məlumatlar daxil edirlər. Nəticədə isə dərsliklər həddindən artıq böyüyür və şagird üçün çətin qavranılan hala gəlir:
“Halbuki həmin müəlliflər tarixi mənbələrdən və əvvəlki tədqiqatlardan istifadə etsələr də, bu materiallar Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara uyğun şəkildə sadələşdirilməli və sistemləşdirilməlidir. Dərsliklər hazırlanarkən əsas prinsip ondan ibarət olmalıdır ki, məzmun yığcam, elmi əsaslı və şagirdin yaş xüsusiyyətlərinə uyğun olsun. Xüsusilə 6-cı sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə materialın həcmi və təqdimat forması onların psixoloji və idrak səviyyəsinə uyğun olmalıdır. Təəssüf ki, hazırkı vəziyyətdə bəzi dərsliklər bu tələblərə tam cavab vermir, təqdim olunan məlumatlar şagirdi yorur və diqqətini yayındırır. Nazirlər Kabinetinin qərarlarında da vurğulanır ki, dərsliklər hazırlanarkən şagirdlərin yaş psixologiyası mütləq nəzərə alınmalıdır. Bu amil dərsliklərin həm məzmununa, həm də strukturuna birbaşa təsir etməlidir. Dünya təcrübəsi ilə müqayisə apardıqda görürük ki, bir çox ölkələrdə dünya tarixi kimi fənlərdə həmin dövrlər daha yığcam, sistemli və əsas məntiqi xətlər üzrə təqdim olunur. Yəni şagirdə yalnız vacib faktlar, əsas xronoloji hadisələr və konseptlər çatdırılır. Bizdə isə bəzi mövzular 4-5 səhifə, hətta bəzən daha çox səhifə ilə izah olunur ki, bu da dərs yükünü artırır və effektivliyi azaldır. Bu baxımdan hesab edirəm ki, dərsliklərin hazırlanmasında əsas prinsip informasiyanın ümumiləşdirilməsi, sistemləşdirilməsi və şagird üçün daha rahat qəbul edilə bilən formada təqdim olunması olmalıdır”.
Musavat.com









