Bildiyimiz kimi, ölkə ərazisində yağan fasiləsiz və intensiv yağışlar Bakıda və bir çox bölgələrdə ciddi fəsadlara səbəb olub. Nəticədə bəzi ərazilərdə yaşayış evlərini su basıb, sakinlərin əmlakı və məişət əşyaları yararsız vəziyyətə düşüb.
Bəs bu halda sakinlər kompensasiya ala bilərlərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov qeyd etdi ki, fasiləsiz və intensiv yağıntılar nəticəsində yaşayış evlərinin, habelə ev daxilindəki əmlakın yararsız vəziyyətə düşməsi hallarında zərərçəkmiş ailələrin ilk növbədə hüquqi və inzibati baxımdan operativ davranması vacibdir:
"Belə hallarda prioritet məsələ dəymiş zərərin rəsmiləşdirilməsi, onun həcminin təsbit olunması və səlahiyyətli dövlət orqanlarına vaxtında müraciət edilməsidir. Əgər zərər görmüş mənzil və ya fərdi yaşayış evi əmlak sığortası ilə təmin olunubsa, bu halda ziyanın ödənilməsi sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığortaçı tərəfindən həyata keçirilə bilər. Bunun üçün hadisə barədə dərhal sığorta şirkətinə məlumat verilməli, zərərin foto və video qeydi aparılmalı, yararsız hala düşmüş əşyalar və tikili elementləri barədə mümkün qədər dəqiq siyahı hazırlanmalıdır. Əgər hadisə lokal məişət problemi deyil, sel, subasma, leysan və ya digər təbii fəlakət xarakterli fövqəladə vəziyyət kimi qiymətləndirilirsə və çoxsaylı yaşayış obyektlərinə ciddi zərər vurubsa, bu halda dövlət tərəfindən yardım və ya kompensasiya mexanizminin tətbiqi mümkündür. Bu məqsədlə vətəndaş yerli icra hakimiyyətinə, bələdiyyəyə və ya Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturuna dərhal müraciət etməli, hadisə yerində baxış keçirilməsi və rəsmi aktın tərtib olunmasına nail olmalıdır. Çünki məhz ziyanın həcmini təsdiq edən rəsmi sənəd sonradan kompensasiya məsələsinin hüquqi əsasını formalaşdırır".
Müsahibimiz həmçinin əlavə etdi ki, bununla yanaşı, kompensasiya hüququnun yaranması hər bir halda avtomatik xarakter daşımır və bir sıra hüquqi meyarlardan asılıdır:
"İlk növbədə, zərər dəymiş tikilinin hüquqi statusu, onun dövlət qeydiyyatında olub-olmaması, torpaq sahəsinin qanuni əsaslarla istifadəyə verilib-verilməməsi, eləcə də tikilinin özünün qanunvericiliyin tələblərinə uyğun inşa olunub-olunmaması xüsusi əhəmiyyət daşıyır. Əgər ev sənədsizdir, çıxarışla təmin edilməyib, qanunsuz tikili hesab olunur və ya yerləşdiyi torpaq sahəsi hüquqi baxımdan rəsmiləşdirilməyibsə, belə hallarda kompensasiya verilməsi əhəmiyyətli dərəcədə çətinləşə, bəzi hallarda isə ümumiyyətlə mümkünsüz ola bilər. Eyni zamanda, dövlət orqanlarının yaratdığı komissiya ziyanın xarakterini və ağırlıq dərəcəsini qiymətləndirərkən, əgər nəticəyə gələrsə ki, zərər ciddi deyil və yalnız məhdud həcmdə məişət itkisi ilə məhdudlaşıb, bu halda da dövlət yardımı ayrılmaya bilər. Kənd təsərrüfatı subyektləri baxımından isə vəziyyət fərqlidir: aqrar sığorta ilə əhatə olunmuş əkin sahələri, heyvandarlıq, arıçılıq və digər təsərrüfat istiqamətləri üzrə sel, dolu, leysan və subasma nəticəsində dəymiş zərərin ödənilməsi mümkündür.
Beləliklə, hüquqi baxımdan zərərin əvəzinin ödənilməsi iki əsas istiqamətdə mümkündür: sığortalanmış əmlak və təsərrüfatlar üzrə öhdəlik sığorta institutunun üzərinə düşür, genişmiqyaslı təbii fəlakət hallarında isə dövlət sosial müdafiə və kompensasiya mexanizmləri çərçivəsində müdaxilə edə bilər. Bu səbəbdən zərərçəkən şəxslər üçün əsas hüquqi strategiya vaxtında müraciət, zərərin sübut edilməsi və əmlakın hüquqi statusunun aydın şəkildə təsbit olunmasıdır".









