Tanınmış memar Elçin Əliyev Bakı metrosunda quraşdırılan yeni yanğınsöndürən avadanlıqlarla bağlı ciddi problemi ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, memarın sözlərinə görə, metronun vaqonlarında üzərində istifadə qaydaları rus dilində olan yanğınsöndürənlər qoyulub. O bildirib ki, son bir il ərzində metro vaqonlarında Rusiyadan gətirilmiş yeni yanğınsöndürənlər quraşdırılıb:
“Hər şey yaxşıdır, amma istifadə qaydaları rus dilindədir. Bəs bunlar Fövqəladə Hallar Nazirliyində necə qəbul olunub və sertifikatlaşdırılıb? Birdən yanğın baş versə və onlara təcili ehtiyac olsa?”.
Elçin Əliyev qeyd edib ki, fövqəladə vəziyyət zamanı sərnişinlərin bir neçə saniyə ərzində cihazdan necə istifadə olunacağını başa düşməsi həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə gənc nəslin əhəmiyyətli hissəsi rus dilini bilmədiyi üçün belə hallarda ciddi çətinlik yarana bilər:
“Birdən yanğın baş versə və onlara təcili ehtiyac olsa? Gənclərin neçəsi rus dilini bilir ki, bir neçə saniyə ərzində başa düşsün? Metropolitenin səriştəsiz məmurlarını bu maraqlandırmır! Təəssüf ki, bir müdrikin düzgün dediyi kimi, “İnsan yalnız dərd yaşayanda ağıllanır”… Biz az faciə yaşamışıq?”.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”nə sorğu ünvanlamışıq. Sorğuya cavab veriləcəyi təqdirdə işıqlandırılacaq.









