Cənab Prezidentin bu gün (dünən) atdığı addım böyük bir azərbaycanlının ali hərəkətidir. Başsağlığına getmək adətimiz-ənənəmizdir, məişət qanunumuzdur!
80-ci illərin ortalarında, Böyük Heydər Əliyev Moskvada yaşayanda, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra xəstəxanada müalicə alırmış. Azərbaycanın o vaxtkı rəhbərliyi Moskvada səfərdə imiş, lakin gedib xəstəxanada Böyük Heydər Əliyevi yoluxmurlar. Bu, Ona çox pis təsir edir.
Böyük Heydər Əliyev onları aeroportdan geri qaytartdırır, gəlirlər xəstəxanaya. Böyük Heydər Əliyev yatağından qalxır, üzünü onlara tutur və deyir:
"Sizin vəzifə pillələrində irəliləmənizdə mənim böyük rolum olub, bu haqda heç danışmaq istəmirəm. Sizi geri qaytartdırmamışam ki, bunları üzünüzə vuram. Amma sizə deyəcək başqa bir sözüm var: Biz azərbaycanlıyıq, bizim adətimiz-ənənəmiz, məişət qanunlarımız var. Kənddə, rayonda, şəhərdə biri xəstə düşəndə; eşidən, bilən hərə evində olandan — biri bir kompot, biri bir qutu şokolad, biri iki meyvə götürür, gedir xəstəyə baş çəkməyə. Siz mənim sizə etdiklərimi qiymətləndirmədiniz... Axı burada sizə uzun illər rəhbərlik etmiş, sizin hamınızın şəxsən tanıdığı Bir azərbaycanlı xəstə yatır. Siz nəinki şəxsi yaxşılıqları, bir azərbaycanlı olduğunuzu da unutmusunuz. Çağırmışdım ki, bunları sizə deyim. Gedə bilərsiniz..."
***
...
Müəllif: Rza Drakon - Mənbə: "DİA-AZ "









