Gözümüz qarşısında baş verənlər, təssüf ki, dəyərləri məhv edən bu rəzilliyin mövcudluğunu təsdiqləyir.
Bu gün dövlətimizə ən böyük təhlükə həm də alimlərdəndir (Mən bunu geniş mənada akademik şəbəkə adlandırıram, çünki buraya "korlamaq əməliyyatı" dərsini yaxşı mənimsəmiş elm, təhsil, qələm və incəsənət adamları da daxildir). Bu, mənim şəxsi qənaətimdir. Cəmiyyətdə söz sahibinə çevrilmiş, haramın qanlı gölünə kəllə vurmuş, qanunsuz yolla özünü tutmuş, çirkli pulla öz ziyalı obrazını quraşdırmış, dövlətin və xalqın xirtdəyinə və həyat haqqına soxulmuş gənə xislətli, hiyləgər, rüşvətxor, qəddar, yaltaq və fırıldaqçı alim (professor, akademik, elmlər namizədi, dosent, elmlər doktoru və s.) təbəqəsidir. Uğurlu fırıldaqlarından fəxarət duyan, eyforiya yaşayan bu mövcudiyyət vərdiş etdiyi bihəya, binamus, kriminal, müftə, laübalı, məsuliyyətdən uzaq həyatları üçün nəinki bütün dəyərləri bir anda qurban verməyə hazırdılar, hətta canl qətli belə, sevə-sevə reallaşdırarlar. Sakit qətl prosesində isə zatən iştirak edirlər.
Ölkə bu mənən iyrənc, cismən kiflənmiş, ruhən üfunətli üləma qusuntularının dağıntıları altında qalıb.
***
Mətbuata yatan alimlərin əsərlərinin sayı ötürülür və ictimaiyyəti bir daha aldatmaq üçün kəmiyyət gedişi edilir. Halbuki 100-ü birinə, biri 100-nə dəyməyən o mənasız əsərlər gözə kül üfürməkdən savayı bir şey deyil.
İnsanları süni intellekt əsrində də xamlaya bilsəniz, afərin sizə.
Hansı biriniz o varidata məhz yazdığınız əsərlər sayəsində çatmısınız?! Çatdığınız yol indi çoxuna məlum olur.
Professor İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi,
filologiya elmləri doktoru
"DİA-AZ"









