“Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığı bir vaxtda Ermənistan daxilində baş verən proseslər təkcə daxili siyasi gündəmlə məhdudlaşmır. İrəvanın iyunun 7-nə planlaşdırdığı parlament seçkilərinə təxminən üç ay qalır və bu müddət regionun gələcək konfiqurasiyası baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Mart ayında yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması ilə bağlı verilən anons isə prosesə əlavə siyasi çalar qatır.
Ermənistanın ədliyyə rəhbərliyinin konstitusiya layihəsi ilə bağlı açıqlamaları göstərir ki, mətnin dərc olunması və ictimaiyyətə təqdimatı seçkiqabağı siyasi strategiyanın mühüm elementidir. Nazir müavini Tiqran Daduntsun “mətn tam hazır olduqda dərc ediləcək” bəyanatı bir tərəfdən texniki prosedur təsiri bağışlasa da, digər tərəfdən prosesin siyasi həssaslığını üzə çıxarır. Burada əsas sual budur, yeni konstitusiya layihəsi daxili legitimlik məqsədi daşıyır, yoxsa regional münasibətlərdə yeni səhifənin açılması üçün hüquqi baza rolunu oynayacaq?”
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, istənilən halda seçkilərə qədər Bakı və Ankara ilə normallaşma planının əsas detalları ictimaiyyətə açıqlanmalıdır, bu daErmənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi mifologiyanın yenidən qiymətləndirilməsini zəruri edir: “Yeni konstitusiyada Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarının yer almaması ehtimalı yüksək qiymətləndirilir. Əgər bu baş verərsə, bu addım Ermənistanın müstəqillik dövründə ilk dəfə olaraq rəsmi hüquqi sənəddə revizionist xəttdən geri çəkilməsi kimi tarixə düşə bilər.
Mart ayında konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması bir növ siyasi “test balonu” rolunu oynaya bilər. İrəvan həm daxili radikal qüvvələrin reaksiyasını ölçəcək, həm də beynəlxalq aktorların, xüsusilə regionda maraqlı tərəflərin, mövqeyini dəyərləndirəcək”.
Nicat İsmayılov bildirib ki, bu mərhələdə üç əsas ssenari mümkündür:
1. Radikal müqavimət ssenarisi, daxili müxalifət və revanşist dairələr layihəyə qarşı sərt kampaniya başladır, seçki gündəmini konstitusiya mübahisələri zəbt edir.
2. Kontrollu keçid ssenarisi hakimiyyət layihəni mərhələli şəkildə təqdim edir, ictimai reaksiyanı yumşaldaraq seçkilərə qədər əsas prinsipləri legitimləşdirir.
3. Geosiyasi balans ssenarisi İrəvan həm Moskva, həm Qərb, həm də regional güclərlə paralel kommunikasiya apararaq konstitusiya dəyişikliklərini beynəlxalq dəstək fonunda reallaşdırmağa çalışır.
Politoloq qeyd edib ki, seçkilərə qədər olan üç aylıq dövr təkcə Ermənistanın daxili siyasi taleyini deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını müəyyənləşdirə bilər: “Əgər konstitusiya dəyişiklikləri real və prinsipial xarakter daşıyarsa, bu, Bakı ilə sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilər. Əks halda, proses imitasiya xarakteri daşıyarsa, bu, regionda yeni gərginlik mərhələsinin əsasını qoya bilər. Çünki artıq reallıq dəyişib, post-münaqişə dövrü hüquqi və siyasi baxımdan yeni çərçivə tələb edir”.
“İrəvanın “mart addımı” əslində daxili auditoriyaya yönəlmiş seçki manevri olmaqla yanaşı, xarici siyasət kursunun lakmus kağızıdır. Yeni konstitusiyada ərazi iddialarının aradan qaldırılması Ermənistanın regional inteqrasiya və sülh gündəminə real qoşulmasının göstəricisi ola bilər.
Kritik üç ayın sonunda aydın olacaq əsas məsələ budur. Ermənistan tarixi reallığı qəbul edib uzunmüddətli sabitlik yolunu seçəcək, yoxsa seçki taktikası naminə prosesi yenidən qeyri-müəyyənliyə sürükləyəcək? Bu sualın cavabı təkcə İrəvan üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır”-deyə Nicat İsmayılov bildirib.









