"Bu il iyunun 7-də Ermənistanda Parlament seçkiləridir, nəticəsi regionun gələcəyi üçün vacib olacaq. Ümid edirəm ki, Ermənistanda yenə də “sülh partiyası” qalib olacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Ermənistan hökuməti seçki öncəsi ciddi vəədlərlə və artıq qəbul edilmiş qərarlarla çıxış edib – təqaüdlər aprelin 1-dən 10000 dram, yəni, 26,5 dollar artırılır, bundan başqa pensiyaçılar üçün maraqlı “keşbek” proqramı qəbul edilib – təqaüd kartı ilə alış-veriş edənlər, ay ərzində o kartdan xərclədiyi vəsaitin 20%-i geri alacaqlar (10 min dramdan çox olmamaq şərti ilə). Bu isə o deməkdir ki, aprelin 1-dən tək artan ödənişləri, geri qayıdan vəsaiti də nəzərə alsaq, pensiyalar ortalama, 50 dollar artacaq. Bundan başqa təqaüdçülər tam tibbi sığorta ilə də təmin ediləcəklər.
Hə, insafən onu da qeyd edim ki, Azərbaycanda yaşa görə minimum təqaüd Ermənistandan yüksəkdir - bizdə minimum təqaüd 188 dollar, Ermənistanda artımdan, yəni aprelin 1-dən sonra 123 dollar olacaq.
Həzərat, görürsüz seçki nə yaxşı institutdur, fikir verirsinizmi ki, seçki institutu işlək olanda əhaliyə necə xeyir gətirir?! Seçkinin önəmini illərdir sıfra endirənlərin (həm iqtidar, həm də klassik müxalifət) başını buraxın, onları dinləməyin, seçki iştirakçılığı çox vacibdir, ölkədə 75-80% seçici aktivliyi olsa, seçkilərə haram qatmaq çox çətin olacaq, buna görə də, özünüzün və səsinizin qədrini bilin...
Sonda qeyd edək ki, Gürcüstan hökuməti də növbəti seçkilərə hazırlaşır – bu il sentyabrın 1-dən Gürcüstanın bütün ali məktəblərində dövlət dilində təhsil tam ödənişsiz olacaq..."









