Televiziyalar düşüncə tərzi formalaşdırır, həyat tərzi təqdim edir və sonda bunu sosial sifarişə çevirirlər.
Bir çox qadının “estetik” əməliyyata (bədən şəkilləndirməsinə) meyil etməsi, görünməz orqanlarını daha görünən hala gətirməsi, ölçülərini çox halda mənasız dəyişdirməsi sonda qadın təbiətində mahiyyət və məzmun dəyişməsinə gətirib çıxarır.
Bu hal təbiət qanunlarına müdaxilədir.
Və ən əsası, kişilərin yaddaşında öncədən müəyyənləşmiş qadın obrazı (şəkli) olduğu üçün dəyişdirilmiş yeni ölçüləri beyin tanımır.
Bu hal kişilərin qadınlardan “qaçma” prosesini yaradır və qaçan kişi dəyişilmiş “kişiyə” çevrilir.
Dünya gücləri üçüncü cinsin yaranma prosesini həm də belə başlatdılar — ənənəvi görünüşün dəyişdirilməsi ilə.
Yenilənən orqanlar üçüncü cinsin yaradılmasının kölgəsi rolunu oynayır.
Bədən şəkilləndirilməsi prosesi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılır…
Azərbaycanda TV verilişlərinin aparıcıları və populyar olan (sənəti olan yox) müğənnilərin çoxu bədən şəkilləndirmə əməliyyatı etdiriblər və tamaşaçılara yeni ölçülər ötürürlər.
Beyinlərdə nevrozların yaranması, psixoloji xəstəliklərin artması, intiharların çoxalması, insanların aqressiv olması, cəmiyyətin müqavimət sisteminin zəifləməsi yeni fiziki görkəmə itaətin səbəbidir.
İnsanlar artıq yeni görkəmlərin quluna çevrilirlər. Təbiətin yaratdıqları (təbiətən eyni olanlar) bir-birini tanımır; süni meyvələr nə qədər qorxuludursa, süni bədənlər də onlardan daha çox qorxuludur.
Öz görkəmini dəyişən fərdin beynində iki "mən" yaranır — təbiətin yaratdığı mənlə (yaddaşda olanla) cərrahın yaratdığı mən (şəkil) bədənin ruhuna uyğun gəlmir. Yeni biçilən bədən ruhu sıxır, önə çıxan yerlər göz deşir, hər şey beləcə adiləşir!
Və verilişlərdə gözlər önündə əsrlərdir gizli tutulan əməllər etiraf edilir, açıqlanır və təbliğ olunur. Edilən etirazlar, qınamalar isə heç bir dəyişiklik yaratmır.
Artıq beyinlər (gözlər) insanları bütöv yox, hissələrə bölərək qəbul edir. Gözlər bütövü yox, dəyişdirilmiş, önə çıxarılmış bir neçə hissəni görür. Bununla da ənənəvi bütövlük pozulur; bütövü yaradan hissələrdən bir neçəsi, yəni şişirdilmiş hissə bütövdən daha önə çıxır və cəmiyyətlər bütövdən, yəni insandan çox şişirdilmiş, önə çıxmış hissələrə bənzəməyə başlayırlar!
Dünya gücləri məqsədli olaraq filmlərdə və TV verilişlərində qadını (planlar vasitəsilə) bölünmüş, parçalanmış hissələri ilə insanlara təqdim edirdilər. Bizdə isə vəziyyət o həddədir ki, artıq belə təqdimata (görünməz, bədii baxışa) ehtiyac yoxdur.
Biz TV verilişlərində qadınları bütöv görə bilmirik; yalnız dəyişdirilmiş, yığılmış, böyüdülmüş hissələri görürük. Beyinlərdə qadın obrazı ancaq bu hissələr (dəyişdirilmiş, böyüdülmüş) ilə formalaşdırılır.Yəni, cəmiyyətdə qadının yalnız önə çıxarılmış hissə(lər) funksiyası təbliğ edilir.
Vaxtilə ABŞ-da və Avropada fikir adamları bu baxışa (qadını obyekt kimi göstərmək) qarşı çıxdılar və yeni baxışlar ortaya qoydular.
Bizdə isə TV-lər qadınların önə çıxarılmış hissələrinin fiziki təbliğatını açıq aparırlar. Nəticələr isə baş verənlərdən daha ağırdır və daha böyük, həllolunmaz problemlər yaradacaq…
Müəllif: Rza Drakon - Mənbə: "DİA-AZ"









