27 yaşlı Kənan Məmmədovun vəzifələrinə nəzər salanda adamın ağlına bir fikir gəlir: Görəsən bu ölkədə Kənan Məmmədov qədər bacarıqlı, ağıllı olan başqa biri yoxdurmu ki, adama bu qədər əziyyət verirlər? Axı bir adamın bir neçə vəzifəni birdən icra etməsi həm fiziki, həm də peşəkarlıq baxımından qeyri-mümkündür. Xarici ölkələrin mütəxəssis seçmə, yetişdirmə və yerləşdirmə strategiyasina baxsaq qətiyyən belə hallara rast gəlmərik. İxtisaslaşdırılmış kadr seçiminə önəm verən qurumlar əsla bu cür diletantlığa yol verməzlər. Bir şəxsə 3-4 vəzifə birdən...
Bu halı görəndə Rəvnəq Abdullayevin mətbuata verdiyi açıqlamalar yadıma düşür. İllərin mütəxəssislərini, həm də ailə başçılarını işsiz qoyub, çörəklərinə bais olmasını mütəxəssis çatışmazlığı ilə izah edir və əməlini "mütəxəssis" pərdəsi ilə ört-basdır edir. Təbii ki, mütəxəssis ovunda Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezident Xalik Məmədov da yaxından iştirak edir. Bütün çörəklərindən edilən mütəxəssislər adından Rövnəq Abdullayev və Xalik Məmmədova sual veririk: 27 yaşlı Kənan Məmmədov çıxarılan mütəxəssislərdən hansı təcrübə, elm, təhsil və məziyyətlərinə görə üstündür ki, bu qədər vəzifəni birdən icra edir? Sizin övladlarınız can, digərlərinki qum torbasıdırmı?
Övladınızın gələcəyi sizi narahat edir, amma işdən çıxartdığınız yüzlərlə ailə başçısının övladlarının gələcəyi sizi düşündürmür təbii...
İndi gələk Kənan Məmmədova. Kimdir Kənan Məmmədov? Yəqin ki, siz də bu gənc vəzifə sahibinin kimliyinə maraq oyandı. Təbii, Azərbaycanda yaşadığımız üçün o anda daha çox oxcuların ağlından bir sual keçdi: “Balam, 27 yaşında bu qədər vəzifə daşıyan görəsən, hansı nazirin, ya deputatın oğludur?” Bəli, yanılmadınız. Kənan Məmmədov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti vəzifəsində işləyən Xalik Məmədovun oğludur. Ancaq bu halda Azərbaycanda 27 yaşında bu qədər vəzifəni daşıya bilərsən.
"Star" neft emalı zavodunun direktoru hansı meyarlarla seçilir?
27 yaşlı Kənan Məmmədov "SOCAR-TURCAS" birgə müəssisəsinin Türkiyənin Petkim yarımadasında inşa etdiyi 5 milyard dollarlıq "Star" neft emalı zavoduna Azərbaycanın rəsmi nümayəndəsi və direktorudur. O, eyni zamanda 2002-ci ildə təsis edilmiş Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) rəhbəridir. Bu Dərnəyin fəaliyyəti barədə az sonra.
İndi isə "SOCAR- TURCAS"dan danışaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev bu yaxınlarda verdiyi müsahibəsində belə bir fikir işlətmişdi: "Bizdə kadr qıtlığı yox, mütəxəssis qıtlığı var...".
Hörmətli ARDNŞ şefi, Kənan məmmədovlar və ya SOCAR-da yerləşdirdiyiniz qohum-əqrəbadan ibarət "mütəxəssislər" olduğu müddətcə ARDNŞ-də mütəxəssislər olmayacaq. ARDNŞ-in Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, İnsan Resursları idarəsi hansı günə durur? Bunların işi nədən ibarətdir?
Bunlar bir tərəfə, illərin Azərbaycan Dövlət Neft Akademiyası bəs? Onlar da mı kadr yetişdirə bilmir? Bir çoxunuz keçmiş AZİ, indiki Dövlət Neft Akademiyasını bitirdiyiniz üçün özünüzə mütəxəssis, indiki məzunlara qeyri-mütəxəssis deyirsiniz? Bu, necə olur?
Elə bütün bunlara görə də "Bizdə kadr qıtlığı yox, mütəxəssis qıtlığı var..." çox hörmətli Rövnəq müəllim.
Odlu tamaşanın qazlı neft qoxusu
Sizin bu fikirləriniz eyni zamanda yadıma Balaxanıda apardığım araşdırmaları saldı. İşsizlikdən əziyyət çəkən balaxanılılar dədə-babadan neftçi olublar. Bu gün isə onları bu sahəyə yaxın buraxan da yoxdur. "Niyə" sualını verməyin. O zaman mən də sizə 27 yaşlı Kənan Məmmədovun hansı meyarlarına görə "Star" neft emalı zavodunun direktoru vəzifəsinə seçildi sualını verərəm. Sizin sualınızı rahatca cavablandıra bilərəm. Hətta növbəti araşdırmamda bu cavabı oxuyacaqsınız. Amma siz mənim sualıma cavab verməkdə çox əziyyət çəkəcəksiniz. Çünki reallığı söyləyə bilməyəcəksiniz.
Vətəndaş cəmiyyətinin nümayəndələrindən biri mətbuata belə bir açıqlama vermişdi: "Bu günlərdə xəbər tutmuşam ki, 27 yaşı olan Kənan Məmmədov adlı bir uşağı Azərbaycanda çox önəmli vəzifəyə qoyublar. Onu Azərbaycanın Turkiyədə tikdirdiyi 5 milyardlıq neftayırma zavoduna rəsmi səlahiyyətli nümayəndə təyin ediblər... Bu dəhşətdir!
Doğrudanmı, Dövlət Neft Şirkəti sistemində iş təcrübəsi olan başqa bir namizəd yox idi? Düşünürəm ki, bu məsələyə aydınlıq gətirilməlidir...
SOCAR-ın GÜL kimi şərikini kimlər ağlatdı?
Azərbaycanda hakimiyyət daxilində Fətullah Gülən tərəfdarları ilə bağlı hər yeni xəbər bomba effekti yaradır. ABŞ-da oturub Azərbaycanın lap dərinlərinə doğru, türk qardaşlarımız demiş, iç siyasətinə əlini uzadan Gülən babanın ölkəmizdəki tərəfdarlarının siyahısındakı məktəblərin ARDNŞ tərəfindən himayə edilməsi hamıya məlumdur. İllərdir bu haqda deyilir, xəbərdarlıqlar edilirdi.
Onsuz da maaliyyəsini şagird və tələbələrin kifayət qədər bahalı təhsil haqqından və müxtəlif mənbələrdən toplayan quruma yenidən ARDNŞ havadarlığı nəyə lazım? Bunun anlamı nədir? Bu maliyyə yardımının məqsədi nədir?
ARDNŞ-nin Türkiyə "kuratoru" Kənan Məmmədov eyni zamanda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədridir. Bu birliyin fəaliyyəti haqqında mətbuatda açıqlamalar olub. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yaranmasından xeyli müddət ötməsinə baxmayaraq, qurum hələ də iş adamlarımızı öz ətrafında toplaya biləcək işlək mexanizm təklif edə bilməyib. Tez-tez bu birliyə nə işlə məşğul olması və fəaliyyəti haqqında, əlaqələrinin hansı səviyyədə olması barədə suallar verilir. 2012-ci ildə Çırağan sarayında keçirilmiş təsis iclasından indiyədək birliyin azərbaycanlı iş adamlarını kütləvi şəkildə öz ətrafında birləşdirməsi, onlarla bağlı hər hansı toplantı keçirməsi haqqında məlumata rast gəlinməyib. Hətta Türkiyədə çalışan iş adamlarımızın əksəriyyətinin bu birlik haqqında məlumatlı olmasından əmin deyilik.
Səbəb isə başqadır. Türkiyədə çalışan azərbaycanlı iş adamlarından birinin İnterpress.az-a verdiyi məlumatı olduğu kimi diqqətinizə çatdırırq: " Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin bir məqsədi var, bu iki ölkə arasındakı iqtisadi duruma nəzarət etmək, hər iki ölkədə iş qurmaq istəyən insanları nəzarətdə saxlamaq və müəyyən diqtələr etmək... Daha çox nurçuları irəli çəkmək və hər iki tərəfdə "Gülən camaatı"na fayda verməkdir. Bir sözlə, bu qurum iki qonşu ölkənin iqtisadi durumunun monopoliyası ilə məşğuldur".
Amerikada oturub ağlaya-ağlaya güldürən Gülənin növbəti ifşası onun bütün əlaltılarına baha başa oturdu. Səbəbi bəlli...
ABŞ-ın Metyu Brayzası, Azərbaycanın Kənan Məmmədovu...
2023-cü ilədək "SOCAR-TURCAS"ın İzmirdəki ixrac-sənaye zonasında investisiyalarının həcmi 10 milyard dollara çatacaq. Bunu "SOCAR-TURCAS" şirkətinin icraçı direktoru Kənan Yavuz Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda bildirib.
Şirkətin sərmayəsi isə 2,6 milyard türk lirəsinə çatdırılıb. “SOCAR-Türkiyə”nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, şirkət Türkiyə xaricindən ən böyük vəsait yatıran şirkət kimi tarixə düşüb.
Bütün bunları xatırlatmaqda məqsədimiz Azərbaycanla Türkiyə arasındakı neft bazarının hansı səviyyədə olduğunu çatdırmaqdır.
İqtisadiyyatımız və tariximiz üçün bu qədər nüfuzlu və önəmli olan bir sahədə 27 yaşlı gəncin böyük səlahiyyətə sahib olması çox qəribə görünür.
İndi gəlin görək dünya neftinə ağalıq edən ABŞ-ın bu məsələyə münasibəti necədir? ABŞ üçün bu sahə çox önəmlidir. Elə ona görə də ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza səhmlərinin yarısı ARDNŞ-in (SOCAR) nəzarətində olan Türkiyə enerji şirkəti "TURCAS"da vəzifə aldı. Bu vəzifəyə hərə bir cür yanaşdı.
M.Brayza bir neçə il Dövlət Departamentində Xəzərin enerji problemləri ilə məşğul olub. O, bu sahəni çox dərindən bilir. Bəlkə də bir siyasətçinin neft sektorunda çalışması sizə qəribə gələ bilər, amma ABŞ-ın neftə yanaşması tamam başqadır. ABŞ üçün neft dünyanı əlində saxlamaq üçün vasitə olduğundan onu bu vəzifəyə məhz ABŞ-dan istiqamətləndirildiyi gün kimi aydındır. Çünki söhbət dünyaya hegemonluq edən bir ölkənin təmsilçisindən gedir. ABŞ-da kiminsə oğlu olduğu üçün 27 yaşında 5 milyardlıq sərvətin başına gətirilmir. Yanaşma budur, mütəxəssis budur. Xalik Məmmədov və Rövnəq Abdullayevin yanaşması daha "peşəkar" olduğundan bu cür önəmli postlara Kənan Məmmədovları gətirə bilirlər.
Arzu ABDULLA
İnterpress.az











