“Sabirabad hadisəsi” ilə bağlı yayılan şayiələrə son qoymaq, doğru məlumatları öyrənmək üçün Hafta.az-ın əməkdaşı redaksiyamız tərəfindən Sabirabada göndərilib.
Əməkdaşımız Sabirabadda nələrin baş verdiyini dəqiqliyi ilə araşdırmağa çalışıb. Sabirabad Rayon Polis Şöbəsinin, Rəmzi Zeynalovun ailəsinin fikirləri tərəfimizdən qeydə alınaraq, ictimaiyyətə naməlum olan bütün məsələlərə aydınlıq gətirmək niyyətindəyik.
Hafta.az-ın əldə etdiyi özəl məlumatları təqdim edirik:
Rəmzi xəbərdarlıq etmişdi
İlk olaraq Rəmzi Zeynalovun vəhhabi olduğu iddia edilən şəxsin saqqalını nə üçün kəsdiyini araşdırmağa başladıq. Buna görə, sakinlərin ən çox toplaşdığı rayonda “Sonanın çayçısı” kimi tanınan kafeyə yollandıq. Orada söhbət etdiyimiz şəxslərdən aldığımız məlumata görə, Rəmzi Zeynalov hələ saqqalını kəsməmişdən öncə Cavanşir Zərbəliyevə bir neçə dəfə xəbərdarlıq edib ki, Sabirabada gəlməsin. Sakinlərin sözlərinə görə, kürdəmirli C.Zərbəliyev mal almaq məqsədilə Sabirabadın bazarına tez-tez gəlib. Bazarda dini kitablar və digər aksessuarların satıcısı olan R.Zeynalov isə hər dəfə ona bildirib ki, bura gəlmə. Onlar arasında növbəti mübahisə isə məlum hadisənin baş verməsi ilə yekunlaşıb.
Rəmzi haqqında deyilənlər...
Rəmzi Zeynalovun bazarda satıcı kimi çalışdığını öyrəndikdən sonra onun mağazasına yollandıq. Mağaza öz fəaliyyətinə davam edirdi. Lakin təbii ki, sahibi Rəmzi Zeynalovsuz. Bazarda hər şey öz axarında gedirdi. Satıcıların sözlərinə görə, Rəmzi heç də sosial şəbəkələrdə yazıldığı kimi İrana tez-tez gedib gəlmir. O, mağazada satdığı malları hər dəfə gedib Bakıdan gətirir. Onlar eyni zamanda bildirdilər ki, Rəmzi Kərbəla şəhərini ziyarət etmək istəyən sakinlərə bir neçə dəfə bələdçilik edib. Həsən adlı satıcı bizə bunları dedi:
“Elə Rəmzinin sosial şəbəkələrdə yayılan dini şəkillərinin əksəriyyəti də bu səfərləri əsnasında çəkilib. O, İmam Hüseyn aşiqidir. Hesab edirik ki, bu hadisə iki nəfərin arasında olan mübahisənin təzahürüdür. Burada heç bir məzhəb davasından söhbət gedə bilməz. Buna görə də qarşı tərəfi də sakit olmağa səsləyirik. Kiçik bir hadisəni uzatmağa gərək yoxdur”.
Satıcılar arasında Rəmzinin İran kəşfiyyatına işlədiyini də söyləyənlər oldu. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün Sabirabad Rayon Polis Şöbəsinə yollandıq. Şöbə rəisi Mübariz Quliyev işlə bağlı idarədə olmasa da, onun müavini, polkovnik-leytenant Razi Həsənov bizi qarşılayaraq bildirdi ki, rayonda hər şey nəzarət altındadır:
Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini hadisə barəsində danışdı:
“Rəmzi Zeynalov adlı sakinin məlum hadisəni törətməsindən sonra əməkdaşlarımız hadisə yerinə yollanaraq, onu şöbəyə gətiriblər. R.Zeynalova Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda da rayonda hər şey nəzarətimiz altındadır. Bu hadisə tərəfimizdən araşdırılaraq, lazımi tədbirlər görülür”.
Rəis müavininin sözlərinə görə, R.Zeynalovun ailəsi də nəzarət altındadır:
“Biz bütün təhlükəsizlik tədbirlərini görmüşük. Zeynalovun ailəsi dəəməkdaşlarımız tərəfindən mühafizə olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, sosial şəbəkələrdə və ya müxtəlif media orqanlarında əsassız xəbərlər yaymasınlar. Sabirabadda baş verən bütün qanun pozuntuları, hüquqi müstəvidə həll olunur. Müxtəlif şəxslər tərəfindən söylənilir ki, guya Sabirabada vəhhabilər hücum ediblər. Burada məzhəb davası başlayıb. Nəzərinizəçatdırmaq istəyirəm ki, rayonun girişinə 6 iyul tarixində içərisində vəhhabilərin olduğu 7 avtomobil gəlib. Əməkdaşlarımızın girişdə postlar qurduğunu görən həmin şəxslər ərazidən uzaqlaşıblar. Yəni burada heç bir məzhəb davasından söhbət belə gedə bilməz. Rəmzi Zeynalov digər bir vətəndaşımıza qarşı xuliqanlıq edib və onun cəzası qanuni çərçivədə verilib. Hazırda da rayonda heç bir problem yoxdur. Vətəndaşlarımızı müxtəlif məqsədli insanların təxribatlarına uymamağa çağırıram. Bir daha qeyd edirəm ki, Sabirabadda həyat əvvəlki qaydada öz axarı ilə davam edir. Biz də vəzifəmizin başındayıq və asayişi pozan hər bir şəxsi qanunla cəzalandırırıq”.
Rəmzi Zeynalovla obyektiv səbəblərə görə görüşə bilməsək də, rəis müavini Razi Həsənovun köməkliyi ilə hadisəni daha detallı şəkildə öyrənmək üçün R.Zeynalovun atası və yaxınları ilə görüşdük.
Təqsirləndirilən şəxsin atası Ramiz Xanlar oğlu Zeynalov bildirdi ki, oğlunun hərəkətlərinə görə xəcalət çəkir:
“Mən rayonda hörməti olan, heç kimə pisliyi dəyməyən yaşlı insanam. Oğlumun hərəkətindən sonra əsəbimdən gecələr yata bilmirəm. Özüm də xəstəlikdən əziyyət çəkirəm. Sizin vasitənizlə də Cavanşir Zərbalıyevdən, onun ailəüzvlərindən oğlumun hərəkətlərinə görəüzr istəyirəm, peşmançılıq keçirdiyimizi bildirirəm”.
Rəmzinin atası oğlunun İrana nə üçün getdiyini açıqladı:
“Əvvəla bildirmək istəyirəm ki, Rəmzi Qarabağ müharibəsində iştirak edib və ağır yaralanıb. 1990-cı illərdəki döyüşlərdə qəlpə yarası alan Rəmzini böyük oğlum Xanlar meyitlərin arasında çəkib çıxarıb. Elə o hadisədən sonra Rəmzinin sinirlərində problem var. Tez əsəbiləşir vəözündən çıxır. Onun xəstəliyi haqqında tibbi sənədlər də var. Düşünürəm ki, bazarda olan hadisə də Rəmzinin qeyd etdiyim xəstəliyi ilə bağlı olub. Oğlumun hərəkətlərinə qətiyyən haqq qazandırmıram. Onun etdikləri günahdır. Qarşı tərəfdən oğlumun vəziyyətini anlamağı xahiş edirəm. İranla bağlı yayılan xəbərlərə gəlincə, bunlar tamamilə yanlış fikirlərdir. Rəmzi İrana məni həkimlərə aparmaq üçün gedir. Axırıncı dəfə 2013-cü ilin oktyabr ayında getmişik. İndi də müalicələrimin vaxtıdır. Bu hadisə baş verməsəydi, yenə də oğlum Rəmzi iləİrana gedib, müalicəmi davam etdirəcəkdim. Yəni bunun dini məsələlərlə və ya digər səslənən uydurma fikirlərlə heç bir əlaqəsi yoxdur. İki şəxs arasında olan mübahisəni çəkib bu qədər böyütməyə, bunu məzhəb davası adlandırmağa gərək yoxdur. Bu yaşımda yenə ailəmiz adından oğlumun törətdiyi əmələ görə qarşı tərəfdən üzr istəyirəm”.
Ramiz Zeynalov uydurma xəbər yazanlara müraciət etdi:
“Bu gün vəəvvəlki günlərdə tək başına aptekə, xəstəxanaya getmişəm. Sosial şəbəkələrdə guya rayonda insanların xof içində olduğunu yazanlara bildirmək istəyirəm ki, hər şey dövlətimizin, polisimizin nəzarəti altındadır. Cənab prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində gün-gündən gözəlləşən Azərbaycanımızı bu kimi təxribatlara sürükləmək olmaz. Biz hər zaman prezidentimizin siyasətinə, onun ölkəmiz üçün etdiklərinə sığınıb, dəstəkləmişik. Bundan sonra da oğluma qanuni çərçivədə hansı cəza lazımdırsa, verilməsinə razıyam. Bu hadisənin ailəmiz adından qəti şəkildə pisləyirik. Əgər prezidentimiz söyləyirsə ki, mən hər bir vətəndaşın prezidentiyəm, demək vətəndaşlar da ayrı-seçkilik etməməlidir. Oğlumun hərəkətlərini nadanlıq hesab edirəm. Bizim ailənin adından sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirirlər. Bildirmək istəyirəm ki, ailəmizdə heç kim bu məsələ ilə bağlı sosial şəbəkələrdə bir dənə belə fikir yazmır”.
Təqsirləndirilən şəxsin qohumu Əşrəf Bağırov da bildirdi ki, Rəmzi Zeynalovun hərəkətlərini doğru hesab etmirlər:
“Azərbaycanda bütün sahələr getdikcə inkişaf edir. Biz hüquqi, dünyəvi respublikayıq. Təbii ki, müasir dövlətdə bu kimi hadisələrin baş verməsi arzuolunmazdır. Bizim ailəmiz Rəmzinin hərəkətini tam məsuliyyəti ilə dərk edir. Mən də qarşı tərəfdən üzr istəyirəm. Bir hadisə idi oldu. Gəlin hər şeyi unudaq”.
Təqsirləndirilən şəxsin ailəsi ilə görüşümüzdən sonra bildirdilər ki, rayonun ağsaqqallarından olan Mirhəmid Ağa da bizimlə hadisə ilə bağlı fikirlərini bölüşmək istəyir. Bu xəbəri aldıqdan sonra ağsaqqalla görüşmək üçün onun yaşadığıünvana yollandıq. Rayon ağsaqqalı da bu hadisənin tərəfində olmadığını bildirdi:
“Xalqımızı fitnələrə uymamağa çağırıram
Ramazan ayında belə bir hadisənin baş verməsi, iki müsəlmanın bir-birinə qarşı kobudluq etməsi təbii ki, ürəkaçan deyil. Hər iki tərəfə səslənərək bildirirəm ki, mehriban olub, bu cür hadisələrdən uzaq olsunlar. Sakinlərimizə isə bildirirəm ki, kiçik hadisələri videoya çəkib, təxribatla məşğul olmasınlar. Bu gün Azərbaycanın xarici düşmənləri kifayət qədər çoxdur. Çiçəklənməkdə olan ölkəmizin daxilində fitnə-fəsad törətməsinlər. Bu Allahımıza da xoş deyil. Rəmzi də Qarabağ savaşlarında iştirak edən, yaralanan adamdır. Onun da çılğınlığını çox şişirtməsinlər. Hadisə olubsa, bunun həlli yollarını axtarmaq lazımdır. Heç bir halda, heç bir şəxsi məsxərəyə qoymaq olmaz. Lazımi orqanlar bu məsələ ilə bağlıöz tədbirlərini görəcəklər. Mən və digər ağsaqqalların da sözü budur ki, insanlarımız təxribata uymasınlar. Bu cür xoş, firəvan Azərbaycanımızda kiçik bir hadisəyə görə gərginlik yaratmasınlar”.
Bizim iki gün ərzində Sabirabadda olduğumuz vaxtda xüsusi bir gərginlik hiss etmədik. Təbii ki, məlum hadisə barədə rayon camaatı hələ də müzakirələr aparır. Və hərənin dəöz mülahizəsi var. Vəhhabilərin gəlib nə vaxtsa, bu hadisənin intiqamını alacağından narahat olanlar belə mövcuddur. Lakin ortada konkret heç nə yoxdur. Polis hadisələri nəzarətdə saxlaya bilir.
O ki qaldı bu olayla bağlı sosial şəbəkələrdə gedən şayiələrə, bunun arxasında da bəzi təxribatçıların olduğu qeyd olunur. Elə bil ki, kimsə məqsədli şəkildə Rəmzi və onun ailəsini hədəfəçıxarmaq istəyir. Rəmzinin azyaşlı oğlu adından facebook sosial şəbəkəsində saxta profil açılaraq yalan məlumatlar verilir. Guya o, atasının etdiklərini dəstəkləyir. Əslində isə vəziyyət heç də belə deyil...









