
Xırdalan və Bakı şəhərlərində bir neçə şəxsin müxtəlif vədlərlə aldadılaraq ümumilikdə 79 350 manat pulunun ələ keçirilməsi ilə nəticələnən dələduzluq cinayəti baş verib.
Qaynarinfo xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs zərərçəkmişlərə sayğac quraşdıracağı, torpaq sahəsi alaraq ev tikəcəyi və yaşayış evi satacağı barədə vədlər verərək onlardan müxtəlif məbləğlərdə pul alıb.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs ilk olaraq Xırdalan şəhərində sayğac quraşdırılması vədi ilə bir şəxsdən 650 manat alıb. Daha sonra həmin şəxsin vasitəsilə onun iki tanışının evlərinə sayğac quraşdırılması üçün 700 və 850 manat olmaqla daha 1 550 manat əldə edib. Beləliklə, bu epizodlar üzrə ümumilikdə 2 200 manat pul alınıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, sayğacların quraşdırılması üçün aidiyyəti qurumdan icazə ala bilməyib və aldığı 2 200 manatı öz ehtiyaclarına xərcləyib.
Digər epizodda isə zərərçəkmiş şəxsə Xırdalan şəhərində, Texniki Kollecin yaxınlığında 2,5 sot torpaq sahəsi alaraq həmin ərazidə fərdi yaşayış evi tikəcəyi vəd edilib. Bu məqsədlə ondan 30 100 manat pul alınıb.
Təqsirləndirilən şəxs ifadəsində etiraf edib ki, həmin vaxt çoxlu borcu olduğundan pulu ələ keçirmək niyyətində olub və torpaq sahəsi ala bilməyəcəyini əvvəlcədən bilib.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs başqa bir şəxsin evini də özününkü kimi təqdim edərək satıb. Ev üçün əvvəlcə 2 000 manat beh alınıb, daha sonra notariat ofisinin qarşısında 41 000 manat ödənilib. Beləliklə, evin satışı adı ilə ümumilikdə 43 000 manat pul əldə edilib.
Məhkəmə materiallarına əsasən, alıcı sonradan aldadıldığını başa düşüb. Ona satılan evdəki sayğacların başqa şəxsə aid olduğu üzə çıxıb. Zərərçəkmiş şəxs pulunu tələb etsə də, təqsirləndirilən şəxs aldığı vəsaiti artıq xərclədiyindən pulu qaytara bilməyib.
Cinayət işinin digər epizodu isə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən evə kommunal sayğacların quraşdırılması vədi ilə bağlı olub. Təqsirləndirilən şəxs ev sahibinə su, qaz və işıq sayğaclarını quraşdıracağını deyərək ondan əvvəlcə 50 manat, daha sonra 200 və 2 250 manat olmaqla ümumilikdə 2 500 manat alıb.
Lakin vəd etdiyi işi görməyib və aldığı pulu öz ehtiyaclarına xərcləyib.
Beləliklə, iş üzrə zərərçəkmiş şəxslərə vurulduğu göstərilən ümumi maddi zərər 79 350 manat təşkil edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluğun təkrar törədilməsi) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və onu 4 il müddətinə azadlıqdan məhrum edib.
























