
“TikTok” platformasında Ehdiparfum (Ehdiman Osmanov) ləqəbi ilə tanınan fenomenə aid olduğu iddia edilən video sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə iki şəxsin bir xanımla intim münasibətdə olduğu, həmin vaxt isə videozəng vasitəsilə başqa bir şəxslə danışdıqları görünür.
Sözügedən görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Bəs bu cür görüntülərin çəkilməsi və yayılması Azərbaycan qanunvericiliyinə əsasən hansı hallarda hüquqi məsuliyyət yarada bilər?
“Real Azərbaycan” məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Ramil Vəliyevin hüquqi mövqeyini öyrənib.
Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin intim həyatına aid görüntülərin onun razılığı olmadan çəkilməsi və yayılması hüquqi, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi həyatına qanunsuz müdaxilədən müdafiə olunmaq hüququnu təmin edir.
Ramil Vəliyev qeyd edib ki, görüntülərdə cinsi münasibət açıq şəkildə nümayiş etdirilirsə, məsələyə yalnız şəxsi həyatın toxunulmazlığının pozulması müstəvisində deyil, eyni zamanda pornoqrafik materialların qanunsuz yayılması baxımından da hüquqi qiymət verilməsi mümkündür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə onlarla qanunsuz ticarət etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Bu əmələ görə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 000 manatdan 4 000 manatadək cərimə, iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.
Vəkil bildirib ki, həmin videonun sosial şəbəkələrdə və digər internet resurslarında yayılması da konkret hallardan asılı olaraq Cinayət Məcəlləsinin 242-ci maddəsi baxımından araşdırıla bilər.
Bununla yanaşı, intim görüntülərdə əks olunan şəxslərin razılığı olmadan həmin məlumatların toplanılması və ya yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulan şəxsi həyatın toxunulmazlığının pozulması baxımından da hüquqi qiymətləndirilə bilər.
Ramil Vəliyevin sözlərinə görə, şəxsin görüntüsünün çəkilməsinə razılıq verməsi həmin görüntünün sosial şəbəkələrdə yayılmasına və qeyri-məhdud sayda şəxsin istifadəsinə təqdim edilməsinə avtomatik razılıq verdiyi anlamına gəlmir. Bu baxımdan, çəkilişə verilən razılıqla həmin görüntünün yayılmasına verilən razılıq hüquqi baxımdan fərqləndirilməlidir.
Əgər görüntü videozəng zamanı iştirakçılardan hər hansı birinin xəbəri və razılığı olmadan qeydə alınıbsa, materialın hansı üsulla əldə edilməsi də hüquqi qiymətləndirmə zamanı mühüm əhəmiyyət daşıyır.
Araşdırma zamanı videonu kimin çəkdiyi, ilkin olaraq kimin yaydığı, görüntünün hansı üsulla əldə edildiyi, eləcə də videoda əks olunan şəxslərin çəkilişə və yayılmaya razılığının olub-olmadığı müəyyən edilməlidir.
Belə materialların digər şəxslər tərəfindən bilərəkdən sosial şəbəkələrdə yenidən paylaşılması da konkret hallardan asılı olaraq ayrıca hüquqi qiymətləndirmənin predmeti ola bilər.
Zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərək görüntülərin əldə edilməsi və yayılması hallarının araşdırılmasını, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edə bilərlər. Eyni zamanda, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün mülki-hüquqi müdafiə vasitələrindən də istifadə mümkündür.
Beləliklə, bu cür görüntülərin yayılması yalnız etik məsələ kimi deyil, konkret hallardan asılı olaraq şəxsi həyatın toxunulmazlığının pozulması və pornoqrafik materialların qanunsuz yayılması əlamətləri baxımından da hüquqi qiymətləndirilə bilər.
























