
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda PISA tipli tapşırıqlar tətbiq edilə bilər.
Bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
Onun sözlərinə görə, DİM də son dövrlərdə PISA tipli, bacarıq əsaslı tapşırıqların hazırlanması istiqamətində fəaliyyətə başlayıb:
"Gələcəkdə bu yanaşmanın DİM-in keçirdiyi imtahanlarda da tətbiq olunması gözlənilir".Qeyd edək ki, PISA tipli tapşırıqlar şagirdlərin məktəbdə öyrəndikləri nəzəri bilikləri gündəlik həyatda, real situasiyalarda necə tətbiq edə bildiklərini ölçən tapşırıq növləridir.
Bu tapşırıqlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 15 yaşlı şagirdlər arasında keçirilən beynəlxalq PISA (Programme for International Student Assessment) qiymətləndirmə proqramının standartlarına əsaslanır.
Ənənəvi testlərdən fərqli olaraq, PISA tipli tapşırıqlar qaydaların əzbərlənməsini deyil, məntiqi təfəkkürü, tənqidi düşüncəni və funksional savadlılığı yoxlayır.
Onu da qeyd edək ki, son vaxtlar ali məktəblərə qəbul imtahanlarının çətin olması ilə bağlı fikirlər səslənir. Yeni qayda, PISA tipli tapşırıqların imtahanında tətbiq olunması qəbul imtahanlarının daha da çətinləşməsinə gətirib çıxarmayacaqmı? Abituriyentlər bu tapşırıqları harada öyrənəcək-məktəbdə, yoxsa repetirotların köməyi ilə?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan PISA-ya yeni qoşulub və bu məsələ ilə bağlı Təhsil İnstitutu tərəfindən statistik məlumatlar vaxtaşırı təqdim olunur: “PISA ilə bağlı son nəticələr sentyabrın 8–də açıqlanacaq.
O ki qaldı Dövlət İmtahan Mərkəzi tərəfindən PISA-nın qəbul imtahanlarına salınmasına, inanmıram ki, bu məsələ ilə bağlı DİM yeni bir layihə hazırlasın və bu, çox absurd bir məsələ ola bilər.
PISA sadəcə olaraq şagirdlərin biliyi, bacarığının yoxlanması istiqamətində oxu bacarıqları, vərdişləri ölçən bir alətdir.
Bu istiqamətdə sualların tətbiq edilməsi DİM üçün əsas ola bilməz. Fikrimcə, bu, yaxın vaxtlarda Azərbaycan təhsil cəmiyyəti üçün real deyil. Yaxın bir müddətlə bağlı bu istiqamətdə danışmaq çox tez olar”.

















