Azərbaycan əleyhinə mövqeyi ilə tanınan erməni politoloq Beniamin Matevosyan yenidən Bakı və İrəvanın siyasətini hədəfə alan açıqlamalar verib. O, Rusiya-Ukrayna müharibəsinin başa çatmasından sonra Moskvanın Cənubi Qafqazla daha fəal məşğul olacağını iddia edib və Azərbaycanla bağlı revanşist xarakterli fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, Matevosyan Ermənistan-Rusiya münasibətlərindəki böhrandan danışıb.
Erməni politoloqun iddiasına görə, Moskvanın Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə indiyədək rəsmi şəkildə təbrik etməməsi təsadüfi deyil. O, bunu Ermənistan hakimiyyətinin son illərdə Rusiyadan uzaqlaşması və Avropa İttifaqı ilə yaxınlaşması ilə əlaqələndirib.
Matevosyan iddia edib ki, Moskva İrəvandan bir sıra konkret addımlar gözləyir. Bunların sırasında Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesinin başlanması haqqında qanuna yenidən baxılması, TRIPP layihəsində Rusiyanın maraqlarının nəzərə alınması və Rusiya şirkətlərinə münasibətin dəyişdirilməsi var.
Onun fikrincə, Paşinyan hakimiyyəti isə Rusiya ilə münasibətləri düzəltmək niyyətində deyil.
Matevosyan daha sonra diqqəti Azərbaycana yönəldərək daha sərt və qərəzli iddialar səsləndirib.
O bildirib ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Moskvanın hazırda həmin istiqamətə yönəltdiyi siyasi və iqtisadi resursların bir hissəsi başqa regionlara keçirilə bilər və belə vəziyyətdə Cənubi Qafqaz Rusiyanın prioritet istiqamətlərindən birinə çevriləcək.
Matevosyan hətta keçmiş separatçı rejimin mövcudluğunu Rusiyanın regiondakı təhlükəsizlik arxitekturasının mühüm elementi kimi təqdim edib.
Bu fikirlər politoloqun əvvəlki açıqlamalarında da müşahidə edilən revanşist yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməsini qəbul etmək əvəzinə, Matevosyan baş verənləri Rusiya imperiyası dövründən qalma regional sistemin dağıdılması kimi təqdim etməyə çalışır.
Onun müsahibəsində diqqətçəkən əsas mesaj isə Ukrayna müharibəsindən sonrakı dövrə aiddir.









