Gürcüstanda son iki gündə böyük elektrik enerjisi kəsintiləri qeydə alınıb. İyulun 25-də səhər saatlarında da enerji verilişi dayanıb. "DİA-AZ"" xəbər verir ki, elektrik sistemindəki gərginlik Tiflis, Kutaisi, Batumi və digər yaşayış məntəqələrində qeydə alınıb.
“NewsGeorgia” yazır ki, elektrik enerjisinin dayanması nəticəsində Tiflis metrosu fəaliyyətini dayandırıb, su və internet təchizatında problemlər yaranıb, bütün ölkə üzrə dəmiryolu əlaqələri dayanıb. İyulun 25-də saat 08:00-da kəsilən elektrik enerjisini saat 10:30-da bərpa etmək mümkün olub.
AzadlıqRadiosunun Gürcüstan xidməti isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin artıq yaranan insidentlə bağlı araşdırmaya başladığını yazıb. Araşdırmanın sabotaj maddəsi ilə aparıldığı vurğulanıb.
Gürcüstanda elektrik enerjisi kəsintisi iyulun 24-dən başlayıb. Nəticədə ölkənin böyük hissəsi demək olar ki, 6 saat işıqsız qalıb. Elektrik kəsintisinə rəsmi səbəb kimi elektrik paylama qurğularındakı qəza göstərilib. Gürcüstan Dövlət Elektrik Enerjisi Şirkəti isə qəzanın səbəblərini araşdırdığını açıqlayıb.






















