Denmedia.az-ın yaxın mənbədən əldə etdiyi məlumata görə, Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin yaxın qohumu olduğu iddia edilən Əzimov Zaur Nürəddin oğlu Ucar Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsində çalışır.
İddialara əsasən, sözügedən təyinat maraqların toqquşması və qohumbazlıq məsələləri ilə bağlı suallar doğurur.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət orqanlarında maraqların toqquşmasının qarşısının alınması və qohumluq münasibətlərinin xidməti fəaliyyətə təsir etməməsi ilə bağlı müddəalar nəzərdə tutulur. Bu baxımdan, iddiaların hüquqi qiymətləndirilməsi aidiyyəti qurumların səlahiyyətinə daxildir.
Xatırladaq ki, mediada ADSEA "qudalar agentliyi" kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.
Bu məsələlər ictimai müzakirələrə səbəb olsa da, onların rəsmi qaydada təsdiqlənməsi və ya təkzib olunması ilə bağlı açıqlama verilməyib.




















