Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib
Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Nəlumata görə, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında Gürcüstanda kütləvi elektrik kəsintisi baş verib.
Gürcü mediasının məlumatına görə, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Kəsintilər nəticəsində Tbilisi metrosunun və dəmir yollarının fəaliyyətində problem yaranıb. Bundan başqa su nasoslarının fəaliyyəti də dayanıb.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başladığını açıqlayıb.
Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb. Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur.
DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib.





















