Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinin tətbiqindən sonra Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə vəsait köçürməsini dayandırıb.
Sistemin veb saytında Rusiyadan onlayn pul köçürmələri üçün mövcud olan yeganə ölkələr Özbəkistan, Türkiyə və Qırğızıstandır. Avropa sanksiyaları "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan RNKO "Plyatyojnıy Sentr"ə (Ödəniş Mərkəzi) də tətbiq edilib.
Qeyd edək ki, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən davamlı olar pul köçürmələri reallaşır. 2025-ci ilin yekununda bu rəqəm 479 milyon 263 min dollar (illik) təşkil edib. Azərbaycana daxil olan pul köçürmələrində Rusiya lider mövqedə olub.
Bəs hazırda Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi pul köçürməni dayandırması orada yaşayan azərbaycanlılar üçün hansı problemlər yaradacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, əlbəttə, Rusiyanın "Zolotaya Korona" ödəniş sisteminin Azərbaycana da vəsait köçürməsini dayandırması müəyyən problemlər yaradacaq:
"Ancaq bu, ani, sürətli pul köçürmələri sistemidir. Bank sistemi vasitəsilə köçürmələrə davam edəcəklər. Bank hesabları ilə pul köçürmə iki gün vaxt tələb edir. Adıçəkilən ödəniş sistemi ilə daha sürətlə köçürməık imkanı vardı. Bu baxımdan soydaşlarımız üçün müəyyən sıxıntılar olacaq".
İqtisadçı-eskpert Natiq Cəfərli isə bildirib ki, bu əslində gözlənilən idi:
"Çünki pulköçürmə sistemlərinə qarşı sanksiyaların olacağını öncədən elan etmişdilər. Orada başqa pulköçürmə sistemləri də var. Yalnız "Zolotaya Korona" deyil.
Ancaq təbii ki, bu orada yaşayan soydaşlarımıza müəyyən çətinliklər yaradacaq. Çox güman ki, ənənəvi üsullarla, "cibdən-cibə", oraya gedən qohum, tanış olacaqsa onlar vasitəsilə pul göndərmələr üstünlük təşkil edəcək. Bu da müəyyən çətinliklər yaradır.
Quru sərhədlərinin bağlı olması gedib-gələnlərin sayının az olmasına səbəb olur. Ancaq istənilən halda bir yol tapılacaq. Çünki dünyada iki problemin qarşısını almaq çətin olur ki, onlardan biri puldur, digəri isə ideyadır.
Pul varsa və göndərmək istəyirlərsə, hansısa yolla göndərəcəklər. Ancaq təbii ki, müəyyən ciddi çətinliklər olacaq".





















