Aktyor Taleh Yüzbəyov rol aldığı qalmaqallı reklam çarxı ilə bağlı yeni açıqlama yayıb.
“Bakupost” xəbər verir ki, o, tənqidlərin şəxsi müstəviyə keçdiyini bildirib.
Aktyor qeyd edib ki, reklam çarxına görə həyat yoldaşına qarşı təhqirlər səsləndirilib:
“Həyat yoldaşıma təhqirlər, tənqidlər etməyə başladınız. Bir növ mənə təsir etmək üçün hər vasitəyə əl atdınız. Mübarizəni də aparanda mərdcəsinə aparmaq lazımdır”.
T.Yüzbəyov xüsusilə azyaşlı qızının hədəf alınmasını sərt şəkildə qınayıb:
“Etdiyiniz ən murdar hərəkət 11 yaşlı qızımın şəklini həyat yoldaşıma atıb “qulaqları şəlpədir, yəqin estetik əməliyyat etdirməli olarsınız” deməyiniz oldu.
Videonun reklam hissəsini çıxarıb öz səhifəmdə paylaşmadım və bu, mənim üçün prinsip məsələsidir. Çünki videonu bəyənməyən tərəfin despot düşüncə forması var: bu video xoşumuza gəlmir, silinməli və üzr istənilməlidir. Belə deyil. Siz mənə bunu diktə edəcək adamlar deyilsiniz. Ona görə videonun səhifədə saxladım”.
Qeyd edək ki, Taleh Yüzbəyovun rol aldığı sözügedən reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.





















