Beynəlxalq gəmiçilik şirkətləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən yüklərə görə 20 faiz həcmində rüsum tətbiqi ideyasını qəbuledilməz hesab edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, sektor nümayəndələri yükün dəyərinin 20 faizi həcmində ödənişin həddindən artıq yüksək olduğunu və praktiki baxımdan tətbiqinin mümkün olmadığını bildiriblər.
“Yükün dəyərinin 20 faizi qəbuledilməz və həddindən artıq böyük məbləğdir”, - deyə gəmiçilik sənayesi nümayəndələri qeyd ediblər.
Hesablamalara əsasən, 2 milyon barel neft daşıyan tankerin bir keçidi üçün ödəniş milyardlarla yen təşkil edə bilər. Şirkət nümayəndələri belə məbləğin ödənilməsinin mümkün olmadığını vurğulayıblar.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, Tokio Vaşinqtonun bu məsələ ilə bağlı bəyanatlarından xəbərdardır. Bununla belə, ABŞ planlarının detalları məlum olmadığı üçün rəsmi Yaponiya məsələni şərh etmir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin təhlükəsiz gəmiçiliyin təmin edilməsinə görə kompensasiya qismində Hörmüz boğazından daşınan yüklərin dəyərinin 20 faizini almaq istədiyini bildirmişdi. Daha sonra isə o, “Truth Social” platformasında bu ideyadan imtina etdiyini və əvəzində Fars körfəzi ölkələri ilə ticarət sazişlərinə üstünlük verdiyini açıqlamışdı.
























