Sosial şəbəkələrdə bəzi həmkarlarımın Media Forumuna blogerlərin dəvət edilməsi ilə bağlı haqlı etirazlarını görürəm. Məni təəccübləndirən həm də odur ki, bu hal media-sosial şəbəkə rəqabətindən danışıldığı bir vaxtda baş verir. Bəs medianı qorumaq lazım idi? Bəs insanlar mütləq tv-lərə baxmalı idi? Bəs televiziyalar cəmiyyət üçün əvəzolunmaz idi? Nə oldu? Elə ilk fürsətdə medianı özləri sosial şəbəkələrə uduzdurdular. Forumun adında “media” sözü var. Blogerlər də artıq media oldu? Blogerlərin fəaliyyətini kiçiltmirəm, onların auditoriyası və təsiri var. Amma blogerliklə jurnalistika eyni deyil. Əgər cənab Prezidentin verdiyi önəmli mesajları dinləmək və anlamaq üçün blogerlər jurnalistlərdən öndə otuzdurulursa, kontent istehsalçıları peşəkar jurnalistlərlə eyni və ya üstün tutulursa, medianın gələcəyindən danışmaq nə dərəcədə səmimidir? Bir neçə gün əvvəl Balakişi Qasımovun “TV-lər son illərini yaşayır” fikrinə etiraz edənlər, sosial şəbəkələr cəmiyyət üçün zərərlidir deyənlər niyəsə indi susur.
Müəllif: Nigar Sabirqızı - Mənbə: "DİA-AZ"



















