ABŞ İranın iri sahibkarlarından biri olan Məhəmməd Hüseyn Şəmxani ilə əlaqəli olduğu iddia edilən 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına ABŞ hakimiyyətinin məlumatına görə, Rusiya və İran vətəndaşlığına malik iş adamı Əli Rəhbərmədəni də daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, məhdudiyyətlərin məqsədi Məhəmməd Hüseyn Şəmxaniyə və onun biznes tərəfdaşlarına təzyiqi artırmaqdır. Vaşinqton Şəmxanini qanunsuz yükdaşımalarında və Qərb sanksiyalarından yayınmaqda ittiham edir.
Nazirliyin iddiasına görə, Şəmxaniyə bağlı şəbəkə İran neftinin ixracında mühüm rol oynayır, həmçinin beynəlxalq konteyner daşımaları və xammal ticarəti sahəsində fəaliyyət göstərir.
Qara siyahıya Danimarka, Hindistan və İtaliya vətəndaşları, Böyük Britaniya təbəəsi, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurda qeydiyyatdan keçmiş şirkətlər, eləcə də Antiqua və Barbuda, Barbados, Marşall adaları və Palau bayrağı altında üzən gəmilər daxil edilib.
Sanksiyalar həmçinin ABŞ tərəfinin Şəmxani tərəfindən idarə olunduğunu və Xəzər dənizi vasitəsilə İranla Rusiya arasında yük daşımalarında iştirak etdiyini iddia etdiyi bir neçə gəmiyə də şamil olunub.
ABŞ hakimiyyətinin məlumatına görə, son qərarla Şəmxani ilə əlaqəli olduğu iddia edilən 200-dən çox fiziki və hüquqi şəxs, eləcə də gəmi sanksiya siyahısına salınıb.
Məhdudiyyətlər çərçivəsində həmin şəxslərin və şirkətlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulacaq, amerikalılara onlarla biznes əməliyyatları aparmaq qadağan ediləcək. Siyahıya daxil edilən şəxslərin ABŞ-yə girişinə də məhdudiyyət qoyulacaq.


















