“Azərmaş Group” MMC 2025-ci ildə xalis mənfəəti 13.3% azalaraq 9 milyon 335 min manatdan 8 milyon 96 min manata düşüb.
Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin satış gəlirləri 2024-cü ildəki 63 milyon 658 min manatdan 28.1% artaraq 2025-ci ildə 81 milyon 563 min manata yüksəlib.
Hesabat dövründə “Azərmaş Group”un cəmi aktivləri 16% kiçilərək 56 milyon 206 min manatdan 47 milyon 425 min manata enib. Şirkətin cəmi öhdəlikləri 39 milyon 833 min manatdan 22 milyon 956 min manata geriləyib, kapitalı 16 milyon 373 min manatdan 24 milyon 469 min manata çatıb.
Bölüşdürülməmiş mənfəət isə 61% artım nümayiş etdirərək 21 milyon 469 min manata yüksəlib.
Xatırladaq ki, “Azərmaş Group” 24 yanvar 2019-cu il tarixində dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin əsas fəaliyyəti əsasən avtomobillərin satışından ibarətdir. Cəmiyyət avtomobilləri xarici təchizatçılardan tədarük edir.
Nizamnamə kapitalı 3 milyon 10 manat təşkil edir. Şirkətin səhmlərinin 100%-i “Azərmaş” ASC-yə məxsusdur və direktor Rövşən Adıgözəlovdur.
Cəmiyyətin 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müvafiq olaraq 48 nəfər və 53 nəfər işçisi olub.







