Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Şirinovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, E.Şirinova digər şəxslərlə əvvəlcədən əlbir olaraq etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi daşıyıb. İstintaqla müəyyən edilib ki, o, zərərçəkmiş N.Ocaqovaya müxtəlif vaxtlarda işə düzəltmək, güzəştli şərtlərlə mənzil almaq və həmin mənzilin sənədləşdirilməsini təşkil etmək adı altında yalan vədlər verərək külli miqdarda pul və qiymətli əşyalar əldə edib.
İlk epizodda E.Şirinova zərərçəkmişə onun kürəkəni A.Bağırzadəni əlaqələri vasitəsilə SOCAR-ın yeməkxanasında anbardar vəzifəsinə aylıq 1 200 manat əməkhaqqı ilə işə düzəldəcəyini bildirib. Bu vədlərə inanan N.Ocaqova 2021-ci ilin mart ayında Bakıxanov qəsəbəsində yerləşən ünvanda ona 3 min manat pul verib. Lakin sonradan vəd yerinə yetirilməyib və əldə olunan pul geri qaytarılmayıb.
İttihamda qeyd olunur ki, bundan sonra eyni zərərçəkmişə qarşı daha bir dələduzluq epizodu törədilib. Belə ki, təqsirləndirilən şəxs Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində SOCAR-ın yaşayış kompleksində yerləşən birotaqlı mənzili qarajla birlikdə 65 000 manata əldə edə biləcəyini deyib və ilkin ödəniş adı ilə ümumilikdə 8 000 manat tələb edib. N.Ocaqova həmin məbləğin 5 300 manatını ASAN Xidmət mərkəzində kredit müqaviləsi rəsmiləşdirilməklə, qalan 2 700 manatını isə E.Şirinovanın yaşadığı ünvanda təqdim edib. Lakin bu vəd də yerinə yetirilməyib və əldə olunan vəsait mənimsənilib.
İş üzrə ən böyük epizod isə mənzil alınacağı adı altında zərərçəkmiş N.Ocaqovadan həm pulun, həm də qızıl-zinət əşyalarının alınması ilə bağlı olub. İstintaq materiallarına əsasən, E.Şirinova Yasamal rayonu ərazisində SOCAR-a məxsus digər yaşayış kompleksində daha geniş sahəyə malik mənzil alınacağını bildirərək zərərçəkmişi yenidən aldadıb.
Bu məqsədlə əvvəlcə mənzilin ilkin ödənişi adı ilə N.Ocaqova məxsus ümumi dəyəri 14 000 manat olan, ümumilikdə 97 qram çəkidə 3 dəst qızıl sırğa, 2 qızıl qolbaq, 1 qızıl boyunbağı və 7 qızıl üzük əldə edib. Bundan əlavə, təqdim etdiyi bank kartına müxtəlif tarixlərdə dəfələrlə 500 və 465 manat məbləğlərində köçürmələr etdirib.
İttihama görə, təqsirləndirilən şəxs cinayət niyyətini gizlətmək məqsədilə N.Ocaqovanın verdiyi etibarnamə əsasında onun adına bank kartı açdıraraq kartı özündə saxlayıb. Daha sonra aldığı mənzilin aylıq ödənişləri, dövlət reyestrindən çıxarış alınması və digər xərclər bəhanəsi ilə həmin karta müxtəlif tarixlərdə 650, 1 350 və 2 000 manat məbləğlərində əlavə ödənişlər göndərilməsinə nail olub. Sonuncu köçürmə isə 2025-ci ildə Bakıxanov qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsilə həyata keçirilib.
İstintaqın hesablamalarına əsasən, bu epizod üzrə zərərçəkmişdən ümumilikdə 20 915 manat pul və əmlak əldə olunaraq ona xeyli miqdarda maddi ziyan vurulub.
Beləliklə, cinayət işi üzrə müəyyən edilib ki, E.Şirinova eyni zərərçəkmişə qarşı müxtəlif vaxtlarda işə düzəltmək, güzəştli mənzil almaq, çıxarış rəsmiləşdirmək və kredit ödənişləri adı altında ardıcıl şəkildə pul və qiymətli əşyalar əldə edərək təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayətləri törədib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Şirinova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2025-ci ildə tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılıb və nəticədə üzərində 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.







