İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə baş tutacaq.
“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF 2026 davamlı iqtisadi artımın təşviqində, ticarət və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək məqsədi daşıyır.
Yüksək vəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli inkişaf institutları, ticarət və sənaye palataları, biznes assosiasiyaları, investisiyaların təşviqi agentlikləri, investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçını bir araya gətirəcəyi gözlənilir. Bəs hazırda hansı ölkələrdə halal bankçılıq var? Halal bankçılıq dünyanın bir çox ölkəsində tətbiq olunur.
"Cebheinfo.az"-ın araşdırmasına görə, bu sistemin tətbiq olunduğu ölkələr sırasına Səudiyyə Ərəbistanı, İran, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman, Türkiyə, Pakistan, İndoneziya, Banqladeş, Bruney, Misir, Sudan, İordaniya, Suriya, İraq, Fələstin, Yəmən, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Hindistan, Şri-Lanka, Maldiv adaları, Böyük Britaniya, Almaniya, Fransa, Lüksemburq, İsveçrə, Bosniya və Herseqovina, Albaniya, Rusiya, Cənubi Afrika Respublikası, Nigeriya, Keniya, Tanzaniya, Uqanda, Mərakeş, Tunis, Əlcəzair, Liviya, Mavritaniya, Seneqal daxildir.
Ümumilikdə İslam maliyyəsi müxtəlif səviyyələrdə dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir. İslam bankçılığı faiz (riba) qadağasına əsaslanır və maliyyə əməliyyatlarında riskin tərəflər arasında bölüşdürülməsi prinsipini önə çəkir.
Son illərdə bu sistemə maraq artdığından halal bankçılıq dünyanın 80-dən çox ölkəsində müxtəlif səviyyələrdə tətbiq edilir. Azərbaycanda isə hələlik tamhüquqlu İslam bankı fəaliyyət göstərməsə də, faizsiz maliyyə məhsullarının tətbiqi və İslam maliyyəsinin inkişafı istiqamətində müzakirələr davam edir.








