“ABŞ və İran arasında müharibənin dayandırılması, həmçinin nüvə məsələsi ilə bağlı razılaşma əldə edildi. Bu razılaşmanın məhz ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi günündə əldə edilməsi təsadüfi deyil. Əgər İran özünü qalib hesab edirdisə, Trampın doğum günündə razılaşmanı ertələməli idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, sözügedən sazişə əsasən İran nüvə silahından imtina edir və zənginləşdirilmiş uranın məhv edilməsinə razılaşır:
“Məhz ABŞ İranın nüvə silahına əlçatanlığının qarşısını almaq və bu ölkənin zənginləşdirilmiş urandan imtina etməsi üçün müharibə başlatdı. Lakin iki ölkə artıq əməkdaşlıq edə, birgə layihələr həyata keçirə bilərlər.
Müharibənin ilk günlərində ABŞ İsrailin təhriki ilə İranda rejimin dəyişməsini qarşısına məqsəd qoysa da, bunun mümkünsüz olduğunun fərqinə vardı. İsrail çalışırdı ki, İranda rejim dəyişikliyi baş tutsun. Amma ABŞ üçün Tehrandakı hökumətlə əməkdaşlıq daha arzuolunan idi.
Bu müharibədə İran hərbi sənayesinə böyük zərbə vuruldu. İqtisadiyyat və sosial problemlər ağırlaşırdı. Bu problemlər fonunda İslam İnqilanı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-la razılığa getməsində İran Prezidenti Məsud Pezeşkianın rolu mühüm oldu.
Bu müharibədə İran qalib deyil. Təbii ki, Tehran rəhbərliyi rejimi qoruduğu üçün özünü qalib sayır. Amma onun artıq regional aktor olması mümkün görünmür.
Donald Tramp İranı nüvə silahından imtinaya məcbur etdi. Təbii ki, İran hər şeyə rəğmən kaputilyasiya aktına imza atmadı. Baxmayaraq ki, Tramp Tehrandan kapitulyasiya tələb edirdi. Hörmüz boğazını bağlamaq və Körfəz ölkələrinə zərbə endirmək İranda rejimin xilas kəməri idi. Tehran ABŞ-la danışıqlara gedərək iqtisadi problemlərin həlli və sanksiyaların aradan qaldırılmasına nail oldu”.










