Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran üçün milyardlarla dollar həcmində maliyyə vəsaitinin sərbəst buraxılması ilə bağlı iddiaları rəsmən təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Nazirlik BƏƏ-nin İrana azı 3 milyard dollar köçürdüyünə dair yayılan xəbərləri “tamamilə yalan və əsassız” adlandırıb. Rəsmi açıqlamada vurğulanıb ki, BƏƏ vasitəsilə dondurulmuş İran vəsaitləri nə sərbəst buraxılıb, nə köçürülüb, nə də belə bir prosesə şərait yaradılıb.
BƏƏ Xarici İşlər Nazirliyi media qurumlarını “dəqiq olmağa”, yalnız rəsmi mənbələrə istinad etməyə və “təsdiqlənməmiş məlumatlar və əsassız iddiaların” yayılmasından çəkinməyə çağırıb.
Bundan əvvəl “Reuters” agentliyi məsələ ilə tanış olan anonim regional mənbələrə istinadən xəbər vermişdi ki, BƏƏ İran üçün milyardlarla dollar həcmində vəsaitin sərbəst buraxılmasına razılıq verib. Agentliyin məlumatına görə, iki regional mənbə ümumilikdə azı 10 milyard dollar məbləğində razılaşmanın əldə olunduğunu, bunun 3 milyard dollardan çox hissəsinin artıq təqdim edildiyini bildirib.
“Reuters”ə danışan digər iki mənbə isə vəsaitin ümumi həcminin 20 milyard dollara qədər çata biləcəyini qeyd edib. Mənbələrin iddiasına görə, razılaşma İranın BƏƏ-yə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarını dayandırması müqabilində əldə olunub.
Agentlik həmçinin bildirib ki, köçürüləcək vəsaitin BƏƏ-yə məxsus olub-olmaması və ya ABŞ sanksiyaları səbəbindən uzun müddətdir dondurulmuş İran hesablarından qaynaqlandığı dəqiqləşdirilməyib.
Məlumatlar Tehran və Vaşinqton arasında müharibənin dayandırılması ilə bağlı danışıqların son mərhələsinə təsadüf edir. Diplomatların sözlərinə görə, proses çərçivəsində xarici banklarda dondurulmuş on milyardlarla dollarlıq İran neft gəlirlərinin azad edilməsi də müzakirə olunur.
Eyni zamanda, bu həftənin əvvəlində İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) rəsmilərinin mümkün razılaşmaları müzakirə etmək məqsədilə BƏƏ-yə səfərindən sonra, BƏƏ nümayəndələrinin də İrana getdiyi barədə məlumatlar yayılıb.









