“Payonix BOKT” MMC-nin xalis zərəri xərclərin və xüsusilə mümkün zərərlər üçün ayrılan ehtiyatların kəskin çoxalması nəticəsində illik müqayisədə 7.5 dəfə artaraq 171 min 43 manatdan 1 milyon 283 min manata yüksəlib.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
BOKT-un xalis zərərlə fəaliyyət göstərməsinin əsas səbəbi müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan zərərlər üçün 2 milyon 781 min manatlıq ehtiyat ayırması olub.
“Payonix BOKT” MMC-nin müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 2024-cü ildəki 42 min 787 manatdan 2025-ci ildə 34.4 dəfə artaraq 1 milyon 472 min manata çatıb.
Şirkət 2024-cü ildə heç bir haqq və komissiya gəliri əldə etmədiyi halda, 2025-ci ildə bu istiqamətdən 1 milyon 263 min manat gəlir formalaşdırıb. BOKT-un haqq və komissiya xərcləri isə illik müqayisədə 32 dəfə artaraq 75 min 525 manat olub.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 1 milyon 677 min manat olub ki, bu da illik müqayisədə 53.2% artım deməkdir. BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər və avanslar) 2024-cü illə müqayisədə 3 dəfəyə yaxın kəskin böyüyərək 1 milyon 462 min manata çatıb. BOKT-un kredit portfelinin segmentlər üzrə təhlili göstərir ki, verilən kreditlər əsas etibarilə fiziki şəxslərə verilib.
Ötən il “Payonix BOKT” MMC-nin cəmi öhdəlikləri 467 min 318 manat, cəmi kapitalı isə 1 milyon 209 min manat təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin may ayında əsası qoyulan Payonix BOKT MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BKT-47 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Cəmiyyətin təsisçisi 100% pay sahibi Azərbaycan Respublikası vətəndaşı Fuad Elçin oğlu Bağırovdur. Cəmiyyətin əsas fəaliyyəti milli valyutada məhdud bank fəaliyyəti həyata keçirməkdir. 2025-ci il üzrə BOKT-un işçi sayı 65 nəfər olub. (2024-cü il üzrə: 22 nəfər)










