Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Atəşgah sığorta" şirkətinin əməkdaşları hələ də əlaqə saxlayıb problemi həll etmirlər,
Kasko sığortası olan vətəndaşlara rahat və şəffaf xidmət göstərilməsi gözlənildiyi halda, mənim işim üzrə nümayiş etdirilən yanaşma ciddi suallar doğurur.
17 aprel və 28 aprel tarixlərində baş vermiş avtomobil hadisələri ilə bağlı müraciət etməyimə baxmayaraq, ilkin qiymətləndirmə və təklif yalnız 1 iyun tarixində təqdim edilmişdir. Təklif olunan məbləğlə razılaşdıqdan sonra mənə müvafiq sənəd göndərilmiş və imzalanmışdır. Lakin bundan bir gün sonra tərəfimə yeni sənəd təqdim edilmiş və həmin sənəddə əvvəlki məbləğdən 200 AZN az ödəniş nəzərdə tutulmuşdur.
Bu dəyişikliklə bağlı əməkdaşlarınız tərəfindən mənə bildirildi ki, hadisə zamanı qarşı tərəfin avtomobili müəyyən edilmədiyi üçün 200 AZN məbləğində azadolma tətbiq olunur. Bu halda aşağıdakı suallar yaranır:
Əgər qarşı tərəfin müəyyən edilməsi və tapılması vətəndaşın üzərinə düşürsə, bu zaman kasko sığortasının üstünlüyü və funksiyası nədən ibarətdir?
Əgər azadolma tətbiq ediləcəyi əvvəlcədən məlum idisə, nə üçün ilkin qiymətləndirmə sənədində və mənimlə aparılan danışıqlarda bu barədə məlumat verilməmişdir?
Vətəndaş təqdim olunan məbləğlə razılaşdıqdan sonra nə üçün sonradan yeni sənəd göndərilərək daha aşağı məbləğin qəbul edilməsi tələb olunur?
Nə üçün azadolma ilə bağlı məlumat vətəndaşa əvvəlcədən və aydın şəkildə izah edilmir?
Əməkdaşlarınız tərəfindən “bizim əlimizdə sizin razılıq ərizəniz var, istəsəniz Mərkəzi Banka şikayət edə bilərsiniz” ifadəsinin işlədilməsi müştəri məmnuniyyəti və peşəkar xidmət prinsipləri ilə nə dərəcədə uyğun gəlir?
Əgər mənim imzaladığım razılıq ərizəsi əsas götürülürsə, həmin sənəddə yekun ödəniş məbləğindən 200 AZN azadolmanın tətbiq olunacağı niyə açıq şəkildə qeyd edilməmişdir?
Xahiş edirəm, yuxarıda qeyd olunan məsələlər üzrə ətraflı izahat verəsiniz, tətbiq edilmiş azadolmanın hüquqi və müqavilə əsaslarını təqdim edəsiniz, həmçinin vətəndaşa təqdim olunan məlumatlarla sonradan tətbiq edilən şərtlər arasındakı uyğunsuzluğa aydınlıq gətirəsiniz.
Bütün danışıq prosesi əvvəldən-bugünə videoya çəkilib və screen olunub.Və kasko üçün sizlərə digər sığorta şirkətini təklif edirəm ki sonra belə problemlərlə üzləşməyəsiniz..."










