Dövlət İmtahan Mərkəzi imtahan balının müəyyən ödənişlər müqabilində guya ki artırılması ilə bağlı son günlər sosial şəbəkələrdə yer alan qeyri-real çağırışlarla bağlı xəbərdarlıq edib.
DİM-in məlumatında bildirilir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur. Bildirilir ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər: "Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar. Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır”. Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir. İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, balların hər hansı üsulla artırılması qeyri-mümkündür:
- Dövlət İmtahan Mərkəzinin ümumi sistemi, xüsusu mühafizə olunur, qorunur, eyni zamanda kibertəhlükəsizlik də yüksək səviyyədədir. Balların guya ki hansısa üsullarla artırıla biləcəyini təklif edənlər, belə fikir səsləndirənlər dələduzlardır, valideynləri aldadır, imtahanlarda yetərli bal toplamamış abituriyentlərin daha yüksək nəticəyə malik olmaq arzularını alətə çevirir və sui-istifadə edir, bu şəxsləri qurbana çevirirlər. İctimaiyyətə tövsiyə edirik ki, bu tip təkliflər olarsa hüquq-mühafizə orqanlarına məlumat versinlər. Çünki bu, cinayət tərkibli əməldir. Məlumat versinlər ki, həmin şəxslər barəsində lazımi ölçü götürülsün.









