Ermənistan ordusunun 4 sabiq korpus komandiri barəsində 1 mart hadisələri ilə bağlı cinayət təqibi başladılıb.
“Armenpress” xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, keçmiş komandirlər – Poqos Poqosyan, Valeri Qriqoryan, Aykaz Baqmanyan və Levon Yeranosyan vəzifə səlahiyyətlərini aşmaqda və bununla ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar.
İstintaqın versiyasına əsasən, onlar qanunsuz əmrləri yerinə yetirərək keçmiş müdafiə naziri Mikael Arutyunyan və “1 mart işi” üzrə ittiham olunan digər yüksəkvəzifəli şəxslərə, o cümlədən Ermənistanın sabiq prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan və Yuri Xaçaturova səlahiyyət həddini aşmaqda yardım ediblər.
Baş Prokurorluq iddia edir ki, həmin şəxslərin fəaliyyəti 2008-ci ilin 1 mart hadisələri zamanı baş verən qanunsuz hərəkətlərlə əlaqəlidir.
Qeyd edək ki, “1 mart işi” Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra baş vermiş kütləvi etiraz aksiyalarının dağıdılması və nəticədə insanların ölməsi ilə bağlı açılıb.









