Ermənistanın fəaliyyətdə olan baş naziri (seçki təşviqatı ilə əlaqədar məzuniyyətdə olan) Nikol Paşinyanın eks-həyat yoldaşı Anna Akopyan, səs-küylü ayrılıqdan sonra yenidən onun yanına qayıdıb.
"DİA-AZ" Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Anna Akopyan seçki kampaniyasının son günündə Nikol Paşinyana qoşulacaq.
“Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan, hansı ki, əvvəllər seçki kampaniyası çərçivəsində keçirilən ictimai görüşlərdə baş naziri müşayiət etmirdi, yaxın ətrafına bildirib ki, seçki kampaniyasının son günündə bütün ailə səhnəyə çıxacaq”, – deyə nəşrdə qeyd olunur.
Qəzetin məlumatına görə, həmin gün Akopyan uşaqları ilə birlikdə Paşinyanın yanında dayanaraq seçki kampaniyasının yekun mərhələsində ailə dəstəyini nümayiş etdirəcək.
Xatırladaq ki, bu ilin 27 fevralında Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda “Mənim addımım” fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.








