Yay mövsümü hər il bölgələrdə həm turizm axınının artdığı, həm də istirahət xidmətlərinə tələbatın yüksəldiyi dövr kimi seçilir.
Xüsusilə dağlıq və dənizkənarı ərazilərdə otellər, istirahət mərkəzləri və kirayə evlər daha çox ziyarətçi qəbul etdikcə qiymətlərdə də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Bu vəziyyət isə həm yerli turistlər, həm də xidmət sahibləri arasında müxtəlif müzakirələrə səbəb olur. Artan tələbat, məhdud yerlər və mövsümi biznes davranışları yay qiymətlərinin formalaşmasında əsas rol oynayır.
Maraqlıdır, yay mövsümündə bölgələrdə otel və istirahət qiymətlərinin kəskin artmasının əsas səbəbi nədir?
Məsələ ilə bağlı "Skal Baku" Azərbaycan turizm peşəkarları təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, yay mövsümü tələbatın yüksək olduğu dövrdür:
“Ümumiyyətlə, dünyada turizm üçün ən pik mövsüm yaydır. Digər mövsümlərdə olan qiymətlər isə daha aşağıdır. Əvvəlki illərlə müqayisədə son dövrlərdə turizmçilikdə daxili bazarda elə pik həddə qiymət artımı yoxdur.
Son dövrlərdə turist axınının çoxaldığını demək olmaz. Hər il ölkənin müxtəlif yerlərində yeni turizm məkanları açıldığına görə qiymətlərdə elə də artım müşahidə olunmur”.









