"Hörmətli Günay Ağamalıya görə uşaq pulu vermək olmaz. Nədən ki, Uşaq pulu verilərsə, valideynlər yan verib yatar, tənbəlləşərlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış ekspert Şahin Nəcəfov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bunu deməklə , hörmətli Günay Ağamalı cox böyük səhvə yol verib.
Azərbaycanda uşaq pulu verilir. Özü də analoqu olmayan şəkildə, çox böyük məbləğdə verilir. Büdcənin elə çox böyük hissəsi 'uşaq puluna' getmirmi? Nazir övladları, məmur, icra başçıları, deputat övladları hər daim hökumətimizin diqqət və qayğısını öz üzərlərində hiss etmirlərmi?
Məmur övladlarının ölkədə və xaricdə olan milyon dollarlar dəyərində mülklərini, obyektlərini, ən bahalı maşınlardan ibarət qarajlarını, bahalı universitetlərdə təhsillərini, bank hesablarındakı milyonları, xarici ölkələrdə kef çəkmələrini büdcə oğurluğu, korrupsiya yox, məhz 'uşaq pulu' hesab etmək lazımdır.
Burdan belə nəticə cıxarmaq olar ki , Günay Ağamalı qara camaatın uşaq pulu istəməsinə bir az etiraz edib. Yoxsa özü də yaxşı bilir ki, deputat mandatı, aylıq (pensiyaya çıxanda da) 7–10 minlik əməkhaqqı, sosial təminat, xidməti maşın, istirahət və məzuniyyət pulları, partiya sədrliyi — atası Fəzail Ağamalıya görə ona verilən 'uşaq pulunun 'bir hissəsidir.
Hörmətli Günay Ağamalı bir məsələdə də bir balaca yanlışlığa yol verir. Büdcədən və xalqdan on milyonlarla "uşaq pulu" çırpışdıran bizim hörmətli nazirlərimizdə, məmurlarımızda bir vətəndaş olaraq, Əllhəmdulla ,heç bir tənbəlləşmə əlaməti hiss etməmişik. Büdcədən uşaqlarını , nəvə, nəticə, kötücələrini təmin edəcək miqdarda pullar aparsalarda, nə vəzifədən əl çəkirlər, nə rüşvətdən. Könüllü mandatdan imtina edənin, pensiyaya çıxmaq istəyənin adına Azərbaycan tarixində rast gəlinməyib.
Amma Günay xanım düşünürsə ki, qara camaatın uşağına 100–150 manat uşaq pulu verilsə, valideynləri tənbəlləşər, demək, onun da bir bildiyi var.
Sən ağa, mən ağa,
İnəkləri kim sağa?.."








