İran münaqişəsi enerji qiymətlərini iki dəfəyə yaxın artırmaqla dünya ölkələrində inflyasiya prosesini yenidən sürətləndirib. Rusiyanın Ukraynaya hücumundan sonra 2022-2023-cü illərdə kəskin yüksələn qlobal inflyasiya 2024-cü ildən etibarən davamlı azalırdı. Lakin ABŞ-la İran arasınd başlanan hərbi münaqişə əsas enerji ixrac yollarından biri olan Hörmüzün bağlanması, enerji qiymətlərinin kəskin artımı və inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur.
Musavat.com ABŞ Əmək Nazirliyinin bu günlərdə açıqladığı məlumata istinadən xəbər verir ki, aprel ayında ölkədə inflyasiya 3,8 faizə çatıb. Bu, 2023-cü ildən bəri ən yüksək göstəricidir. Dünyanın ikinci böyük iqtisadi mərkəzi olan Avropa İttifaqında da apreldə inflyasiya martdakı 2,6 faizdən 3 faizə yüksəlib. Hər iki halda inflyasiyanı tətikləyən enerji qiymətləridir. Məhz bu neft və qazın bahalaşması bütün digər sahələrdə də eyni prosesi başladıb.
İran münaqişəsi ərzaq bazarına da təsirsiz qalmayıb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən aprel ayında qlobal ərzaq qiymətləri 1,6 faiz artıb. Bununla da ardıcıl üçüncü aydır ki, artım davam edir.
Bildirilir ki, indeksin artmasına əsas səbəb bitki yağları, ət və taxıl qiymətlərinin bahalaşması, şəkər və süd məhsullarının isə ucuzlaşması olub. İllik olaraq qiymət indeksi 2025-ci ilin aprel ayı səviyyəsindən 2 faiz yüksək olsa da, 2022-ci ilin mart ayında qeydə alınan rekord səviyyədən 18,4 faiz aşağı olub.
Bitki yağları ümumi qiymət artımının əsas səbəbi olub: 5,9 faiz artıb. Təşkilat bu artımı enerji qiymətlərinin artması və Hörmüz boğazından keçən gəmiçilik riskləri də daxil olmaqla, Yaxın Şərqdəki münaqişə fonunda logistikadakı pozuntularla əlaqələndirir. Neft qiymətlərinin yüksəlməsi bioyanacaqlara tələbatı artıraraq soya, xurma, raps və günəbaxan yağlarının qiymətlərini yüksəldib.
Dənli bitkilərin qiymət indeksi aprel ayında nisbətən yüksək qlobal ehtiyatlar və sabit təklif sayəsində 0,8 faiz artdı. Eyni zamanda, FAO gübrə qiymətlərinin artması və bir neçə ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması səbəbindən buğda əkinlərinin azalması riskinə diqqət çəkir.
Ət qiymətləri Braziliyadan mal əti tədarükünün azalması fonunda ay ərzində 1,2 faiz artıb. Eyni zamanda əsas istehsalçı ölkələrdə yaxşı məhsul gözləntiləri səbəbindən şəkər qiymətləri 4,7 faiz düşüb.
FAO həmçinin 2025-2026-cı illər kənd təsərrüfatı ilində qlobal dənli bitkilər istehsalı proqnozunu rekord həddə - 3,04 milyard tona qaldırıb. Bununla belə, təşkilat geosiyasi münaqişələrin daha da kəskinləşməsi və enerji qiymətlərinin artmasının qlobal ərzaq bazarına inflyasiya təzyiqini artıra biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, qlobal bazarlardakı qiymət dəyişiklikləri daxili bazarı idxaldan kəskin asılı olan Azərbaycanda dərhal hiss olunur. Dövlət Statistika Komitəsi aprel ayının inflyasiya göstəricilərini açıqlamasa da, martdan bu sahədə artım hiss olunmaqdadır. Belə ki, hazırda Azərbaycanda ərzaq inflyasiyası 6,5 faiz səviyyəsindədir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun dediyinə görə, onun böyük hissəsi xarici və təklif yönümlü amillərin təsiri ilə formalaşır:
“Azərbaycanda inflyasiyaya əsasən təklif amilləri təsir edir və başlıca amil ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasıdır. 2025-ci ilin dekabrında ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7,5 faiz səviyyəsində formalaşıb. Bu da mart ayının inflyasiyasına 2,79 faiz bəndi artıcı təsir edib”.
Onun sözlərinə görə, inflyasiyanın strukturunda tələb amillərinin payı cəmi 20-30 faiz təşkil edir.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank idxal olunan inflyasiyanın qarşısını almaq məqsədilə sabit məzənnə rejimindən istifadə edir və bu alət indiyədək effektiv nəticə göstərib. O qeyd edib ki, mövcud şəraitdə tələb amillərinin süni şəkildə sıxılması məqsədəuyğun deyil və inflyasiya gözləntiləri diqqətlə izlənilir.
AMB-nin hesablamalarına əsasən bu ilin birinci rübündə Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,79 faiz bəndi artırıcı təsir edib. Bundan başqa dövr ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi inflyasiyaya 1,78 faiz bəndi artırıcı təsir göstərib: "Bu ilin mart ayında Azərbaycan manatının nominal effektiv məzənnəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi möhkəmlənib və nəticədə inflyasiyaya 1 faiz azaldıcı təsir göstərib. Dövlət xərcləri və ev təsərrüfatlarının istehlakı isə 7,3 faiz və 9,2 faiz artaraq, inflyasiyaya ümumilikdə 2 faiz bəndi artırıcı təsir edib. Digər amillərin təsiri isə 2 faiz bəndi azaldıcı olub".
İran münaqişəsinin qlobal təsirlərini nəzərə alan Mərkəzi Bank artıq Azərbaycanda inflyasiyaya dair proqnozunu artırıb. Belə ki, qurumun may ayı proqnozlarına əsasən 2026-cı ildə Azərbaycanda inflyasiyanın 5,9 faiz olacağı gözlənilir. Bu fevralda açıqlanan 5,7 faizlik proqnozdan yüksəkdir: “Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9 faiz olacağı gözlənilir”.
AMB 2027-ci ildə ölkədə qiymət artımının 4,5 faiz təşkil edəcəyini gözləyir ki, bu da fevralda elan edilən 4 faizlik proqnozdan yüksəkdir: “Gələn il üçün infilyasiya proqnozu 0,5 faiz bəndi artırılıb”.
Mərkəzi Bankın rəhbəri bildirib ki, inflyasiya proqnozunun artırılması əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir: “Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir”.
Azərbaycan hökumətinin qlobal inflyasiyanın ölkəyə təsirləri ilə bağlı mövqeyi hələlik açıqlanmayıb. Adətən hökumət inflyasiya gözləntilərinə dair yeni qiymətləndirməsini mayın sonu, yaxud iyunda açıqlayır.
Hökumətin gözləntilərinin nə olmasından asılı olmayaraq, qlobal bazarlardakı qiymət dəyişikliklərinin artıq Azərbaycan bazarına yansımağa başladığı müşahidə edilir.











