Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan münasibətləri ilə bağlı səslənən fikirlərə ironik cavab verib. O bildirib ki, İrəvanın Moskva ilə münasibətləri “boşanma” səviyyəsində deyil və Ermənistanın Rusiyadan “aliment tələb etmək” niyyəti yoxdur.
Modern.az xəbər verir ki, Simonyan Ermənistanın Rusiya ilə münasibətlərində yaranan gərginliyi siyasi proses kimi qiymətləndirib.
“Bizim Rusiya Federasiyası ilə “boşanmaq” kimi məqsədimiz yoxdur, uşaqları da bölüşmürük”, – deyə parlament sədri bildirib.
O, həmçinin bəzi rusiyalı rəsmilərin Ermənistanın mövcudluğunu Rusiyanın rolu ilə əlaqələndirən açıqlamalarına da münasibət bildirib.
“Əgər biz onlara lazım deyiliksə, niyə bu qədər müdaxilə edirlər? Hər yerdə deyirlər ki, Rusiyada Ermənistandakından daha çox erməni yaşayır, guya Rusiya olmasaydı, Ermənistan ümumiyyətlə dövlət olmazdı”, – Simonyan qeyd edib.
Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında fikir ayrılıqları siyasətin normal tərkib hissəsidir.
“Bir stəkan suda fırtına qoparmağa ehtiyac yoxdur. Bu siyasətdir: onlar öz mövqeyini bildirəcək, biz də öz mövqeyimizi. Sonra oturub müzakirə edəcəyik, onlar bir təklif verəcək, biz başqa. Bu, siyasətdir, nikah və qəyyumluq məsələsi deyil. Bizim nə aliment tələb etmək, nə də uşaqları bölmək kimi məqsədimiz var”, – deyə Simonyan vurğulayıb.









