Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq regionun onilliklər boyu davam edən status-kvosunu tamamilə dəyişib. Azərbaycan Prezidentinin Zəngilanda səsləndirdiyi fikirlər də məhz bu yeni mərhələnin siyasi və strateji mahiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın məqsədi Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq olmayıb; əsas hədəf ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. Bu gün artıq 200 illik tarixi ədalətsizliyə söykənən regional status-kvo dağıdılıb. Azərbaycan bölgədə əsas güc mərkəzinə çevrilib və formalaşan yeni düzəndə Bakının iradəsi nəzərə alınmadan ciddi siyasi qərarların verilməsi əvvəlki kimi mümkün görünmür. Eyni zamanda, Ermənistan sərhədində yerləşdirilən Avropa İttifaqının missiyası da Bakıda ciddi narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Azərbaycan tərəfi bu missiyanı təkcə müşahidə mexanizmi deyil, həm də səlibçi təfəkkürün və neokolonial siyasətin davamı kimi qiymətləndirir. Xüsusilə Fransanın bu prosesdə əsas dəstəkçi rolunda çıxış etməsi və Ermənistanda təsir imkanlarını genişləndirməyə çalışması regionda yeni geosiyasi rəqabətin elementlərindən biri hesab olunur. Rəsmi Bakı hesab edir ki, revanşist qüvvələrin yenidən hakimiyyətə gəlməsi və Azərbaycana qarşı yeni iddialar, yaxud təxribat cəhdləri bölgədə sabitliyi yenidən təhlükə altına sala bilər. Bu halda Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün lazımi və önləyici addımlar atmaq hüququnu özündə saxlayır.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı demək olar ki, siyasi vəziyyət hər gün mürəkkəbləşir və burada artıq başqa ölkələrin maraqları toqquşmağa başlayıb:
“Azərbaycan Prezidentinin açıqlamaları olduqca vacib bir dönəmə təsadüf edir və mühüm bir məsələyə həsr olunub. Ən vacibi ona görədir ki, bizim də Ermənistanda keçirilən seçkilərlə bağlı mövqeyimiz var. Ümumiyyətlə, bu ölkənin siyasi həyatı ilə bağlı Azərbaycanın izlədiyi vacib siyasi xətt mövcuddur. Bu, həm revanşistlərlə, həm Avropa Mülki Missiyası ilə bağlıdır, həm də Fransanın Ermənistanda öz varlığını möhkəmləndirmək və onu region ölkələrinə qarşı istifadə edilə biləcək bir plasdarma çevirmək istiqamətində atdığı addımlarla əlaqədardır. Rəsmi Bakı sözügedən məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur. Çünki Azərbaycan bölgədə indiki güc dinamikasını formalaşdıran əsas ölkələrdən biridir və birincisidir. Bu səbəblə də Azərbaycanın iştirakı olmadan Ermənistanın daxili siyasi həyatı ilə bağlı qərarların verilməsi hazırkı şərtlər daxilində mümkün deyil. Ona görə də bu düşüncələr çatdırıldı”.









