Goranboyda toyda dava olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib.
İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq, tanış olmaq və münasibət qurmalarını deyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına bildirib. Qardaşı isə Daşqının yanına gələrək onun sinəsinə təpiklə zərbə vurub. Bundan sonra Daşqın və onun başqa bir bibisi oğlu Arzumanla (şərti adla) birləşərək Fidanın qardaşını çoxsaylı yumruq zərbələri ilə döyüblər.
Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində Daşqın və Arzuman saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb.
Hər iki təqsirləndirilən şəxs ifadələrində zərərçəkənlə barışdıqlarını və əməllərindən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini xahiş ediblər. Zərərçəkən şəxs də həmçinin onlara qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Daşqın və Arzuman hər biri 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlara həmçinin gecə saat 23-dən səhər saat 7-dək yaşadıqları evi, cəza müddəti boyunca isə yaşadıqları şəhər və ya rayonu tərk etməmək tapşırılıb.









