“Bir neçə gün öncə “İki qapı arasında” serialına qonaq aktrisa kimi dəvət aldım. Canlandırdığım rol bloger obrazıdır. Bu kollektiv mənə çox doğmadır. Bilirsiniz ki, mən o kollektivlə “Qız atası” serialında da çalışmışam. Bizim sonuncu çəkilişimiz noyabr ayında oldu. 5 ay idi ki, onlarla görüşmürdüm. Təkrar görüşmək çox xoş oldu. Ən azı 11 il bir yerdə işləmişəm, ailəm kimi olublar. Ailə üzvlərini bir müddət görməyəndə onlar üçün necə darıxırsansa, mən də kollektivim üçün elə darıxmışdım. Gedib çəkildim, bir az köhnə xatirələri yada saldıq və xoş gün yaşadıq”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Xəlilbəyli bildirib.
O daha sonra filmlərdə çəkilmək istəyini bildirib:
“Hələ ki, mənə heç bir dəvət gəlməyib. Dəvət gəlsə, xoşuma gələn bir şey olsa əlbəttə ki, çəkilərəm. Mənfi rolları da sevirəm, müsbət rolları da. Özüm üçün belə bir qəlib formalaşdırmamışam. Rollarla bağlı heç bir problem yoxdur”.
Ülviyyə Xəlilbəyli deyir ki, sənət aləmində çox az insanla dostluq edir:
“Öz xarakterim elədir ki, soyuğam. O dəqiqə hər kəslə yaxın ola bilmirəm. Bunun üçün mənə zaman lazımdır. Zamanla baxıram, kim xoşuma gəlirsə onunla dostluq edirəm, xoşuma gəlməyən xarakterlərini görürəmsə, bilirəm ki, bu dostluğun axırı yaxşı qurtarmaya bilər, həmin adamdan uzaq dururam ki, problem olmasın. Nə o incisin, nə də ki, mən. Uzel Kərimova, Zarina Qurbanova ilə həm yaşımız, həm də xarakterlərimiz eynidir. Bir-birimizi hər mövzuda başa düşürük. Onlarla dostluq etmək mənə asandır. Həm də eyni sənətdəyik. Bizim dostluğumuzdan əlavə biz bir-birimizin yanında öyrənirik, böyüyürük. Bax belədir bizim dostluğumuz”, - deyə aktrisa bildirib.









