Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasına daha da yaxınlaşır.
"Report" xəbər verir ki, bu barədə ABŞ rəhbərliyinin nümayəndələrinə istinadən "Fox News" telekanalı məlumat yayıb.
"İran tərəfi Amerika gəmilərini atəşə tutduqdan və Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raketlər və pilotsuz uçuş aparatları vasitəsilə hücum etdikdən sonra biz genişmiqyaslı hərbi əməliyyatların başlanmasına əvvəlkindən daha yaxınıq", - hakimiyyətin yüksəkvəzifəli nümayəndələri bildiriblər.
Telekanalın müsahibləri bazar ertəsi başlayan və Fars körfəzində bloklanmış ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə yönəlmiş Amerikanın "Project Freedom" təşəbbüsünü şərh ediblər.
Bununla yanaşı, onlar ABŞ Silahlı Qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu dəqiqləşdirərək, yekun qərarı Donald Trampın qəbul etdiyini vurğulayıblar.
Bir gün əvvəl Amerika lideri "Truth Social"dakı səhifəsində "Project Freedom" təşəbbüsünü elan edib, bu çərçivədə ABŞ Silahlı Qüvvələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün onların müşayiət edilməsinə cəlb olunacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər və bu atəşkəs sonradan Amerika lideri Donald Tramp tərəfindən qeyri-müəyyən müddətə uzadılıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüz boğazının Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.










