Son dövrlərdə dövlət xəstəxanalarında yaranan uzun növbələrə dair narazılıqlar sürətlə artır.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin ciddiliyini açıq şəkildə göstərir.
İnsanlar səhər tezdən xəstəxanalara axışaraq saatlarla növbə gözləməyə məcbur qalırlar.
Bu gün jurnalist Elçin Rüstəmli sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, saat 07:46 olmasına baxmayaraq “Yeni klinika”da növbədə olanların sayı artıq 398 nəfərə çatıb.
Qeyd edək ki, oxşar mənzərə digər dövlət xəstəxanalarında da müşahidə olunur. Bəzi hallarda növbələrin sıxlığı o həddə çatır ki, insanlar qəbul şöbəsinə belə sığmır. Soyuq hava şəraitində xəstə vətəndaşlar xəstəxana həyətlərində uzun müddət gözləməyə məcbur qalırlar.
Açıqlanan rəsmi məlumatlar onu göstərir ki, son illər xəstəxanaların və tibb işçilərinin sayı xəstələrin sayına mütənasib şəkildə artmır.
Məlumat üçün bildirək ki, son 25 ildə Azərbaycanda xəstəxanaların sayı təxminən 2 dəfə azalıb. Əgər 25 il əvvəl – 2001-ci ildə Azərbaycanda 735 xəstəxana olubsa, ötən il onların sayı 2,1 dəfə azalaraq 350-yə düşüb.
Eyni dövrdə əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 36,3-dən 34,4-ə, orta tibb işçilərinin sayı isə 60-dan 57,7-yə qədər azalıb. Bu dövrdə xəstəxana çarpayılarının sayında da kəskin azalma olub.
2001-ci ildə əhalinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayılarının sayı 87,4 olubsa, 2025-ci ildə bu göstərici 39,4 olub.
Xəstəxana və tibb işçilərinin sayındakı bu azalmaya paralel olaraq ölkədə qeydə alınan xəstələrin sayı artıb. 25 il əvvəl – 2001-ci ildə ölkədə 1 milyon 346 min xəstə qeydə alındığı halda, 2025-ci ildə qeydə alınan xəstələrin sayı 2 milyon 870 min nəfər olub.










