Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzarətində olan Kurort ASC-yə məxsus müalicə mərkəzləri və sanatoriyaların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına veriləcəyi deyilir.
Bizimesr.com-a daxil olan məlumata görə, sözügedən sanatoriyalarda çalışan həkimlərin sertifikasiyası, göstərilən müalicələrin effektivliyi və digər tibbi xidmətlərlə bağlı ciddi narazılıqlar mövcuddur.
Bu səbəbdən, müalicə proseslərinin və tibbi xidmətlərin birbaşa TƏBİB-in nəzarəti altında həyata keçirilməsinin daha məqsədəuyğun olduğu iddia olunur.
Digər məlumatlara əsasən, “Kurort” ASC-nin fəaliyyətində aşkar edilən nöqsanlarla bağlı qurumda yoxlamalara başlanılıb. İddialara görə, ASC-yə məxsus bəzi tibbi mərkəzlər lisenziyasız fəaliyyət göstərib və ya göstərir. Tibbi xidmət göstərən müəssisələrin lisenziyasız fəaliyyəti isə ciddi qanun pozuntusu hesab olunur və bu məsələ xüsusi nəzarətdə saxlanılır.










