
Heç şübhəsiz, Azərbaycan musiqisinə gəlib-getmiş üç böyük sənətkar varsa, birincisi məhz bənzərsiz və əvəzsiz İlhamə Quliyevadır.
O başqa deyil, başqaların başqasıdır.
Səsi büllur və dupduru, ifası mahnı yox, taleyin nəğməsidir.
Sözsüz, İlhamə xanım Quliyeva şəxsiyyəti ilə də bənzərsiz insandır.
Məsələn, bu məqamda o böyük insanı, o unudulmaz dahini cəmiyyətin bəlli əxlaq kodeksləri ilə qiymətləndirmək ən yaxşı halda naşılıqdır.
Birmənalı və qeyd-şərtsiz şəkildə bilmək gərək: Həqiqi sənətkar bütün əxlaqi məsələlərdən yuxarıdadır.
Orta-klassik azərbaycanlının təfəkküründəki əxlaq neylər xanım İlhaməyə?
Xanım Quliyeva Azərbaycanda həm də narsizmin ilk canlı nümunəsi olaraq əvəzsiz idi. Nə ondan əvvəl var idi, nə də sonra ola bilərdi.
O, hökmran idi. Bu boyda dünyada, bu boyda ölkədə özünə bir diyar yaratmış idi.
O sahibəlik, o əda, o atamanlıq ancaq və ancaq ona yaraşa bilərdi.
Bəli, xanım Quliyeva doğrudan da əsl “Primadonna” idi.
O səs adi, təkcə gözəl bir səs deyildi. O səs heç ilahi səs də deyildi. İlahi heç bir bəndəsinə o cür səs verib əzab etməzdi.
O səsə çatmaq, o notlara toxunmaq günəşə toxunmaq istəyidir, yəni mümkünsüzdür.
Qayalar dənizlərin sinəsi olduğu kimi, o səs də onun dəniziydi. Əlbət, dalğaların səsi kimi onu da dinləmək olardı, ancaq boğulmaq təhlükəsi qaçılmaz idi.
İlhamə Quliyeva sadəcə səhnəyə çıxmırdı. Daha doğrusu, səhnə onun ayaqları altına sərilən bir imperiyanın qırmızı xalçasına çevrilirdi.
O bir məktəb deyildi, bütün məktəblər onun hüzurunda ibtidai sinif idi.
O, heç kimə bənzəmirdi. Çünki bənzəmək kiçik insanların taleyidir.
O, təkrarlanmırdı, çünki təkrar yalnız adi olanın qismətidir.
Bəli, İlhamə Quliyeva musiqidə zirvə deyildi, zirvənin nə olduğunu dəyişən səs idi. Zirvələr o olan yüksəkliklərə enirdi.
Bu səbəb, onun səsini dinləmək yox, onun səsinə itaət etmək gərək.
Əgər Azərbaycan musiqisi bir səltənətdirsə, onun ən parlaq, ən sərt, ən mübahisəli, ən cazibədar taxtında məhz o əyləşirdi. Məhz səsinin tacı ilə.
Bu ad gələndə sükut belə düz dayanır,
Söz aynaya baxır, səs özündən utanır.
Onun səhnəyə çıxmağı musiqinin zührudur.
Səsinin ən kal məqamı ən möhtəşəm bilinən səsləri də ikiyə bölür. Var onun bir səsinin bir əsası.
Axxxx, necə ifadə edəsən bu qadını?
Xanım Quliyeva, heç şübhəsiz, Azərbaycan musiqisinin fatehidir. O, səsin qüdrətinin tək simvoludur.
Addımı ürək ritmi, baxışı fərman, dodağında tufan, nəfəsində ümman. Yox, acizdi bu sözlər də.
O insan… ahh, o insan Tanrının qəzəbi ilə nazının təzahürüdür.
Sən ey notlar boğazında əsir qalan qadın.
Bu gün xanım İlhamə dünyada yoxdur, yoxdur o səhnədə o hökmdar.
Ancaq yoxkən də adı yerini doldurur.
Yoxluğuna gözlər dola-dola alqış düşən qadın.
İlhamə Quliyeva tarixə qovuşmayıb. Tarix onun özü ilə başlayıb.
Bəli, o, həmişəyaşar xanım İlhamə Quliyevadır!
Orxan Saffari









