Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.
Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb. Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Azərbaycan bazarlarında hansı erməni məhsulları satıla bilər?
Mövzu ilə bağlı "Cebheinfo.az" - a açıqlamasında iqtisadçı - ekspert Natiq Cəfərli bildirib ki ,Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin daha da genişlənməsi mümkündür:
"Ermənistanın Azərbaycan hökumətinə ixrac edə biləcəyi məhsulların siyahısı artıq təqdim olunub və burada əsas üstünlük kənd təsərrüfatı məhsullarına verilir. Ümumilikdə, gələcəkdə texniki problemlər aradan qaldırılarsa, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin daha da genişlənməsi mümkündür və bu, normal proses kimi qiymətləndirilir.
Çünki region artıq sülh quruculuğu mərhələsinə daxil olub, müharibə arxada qalıb. Azərbaycan öz əsas hədəflərinə nail olub və hazırda regionda Azərbaycan–Gürcüstan–Ermənistan arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün texniki məsələlər istisna olmaqla, demək olar ki, bütün maneələr aradan qalxıb".
Ekspert qeyd edib ki, Azərbaycanın isə Ermənistana sata biləcəyi məhsullar əsasən bəllidir:
“Proses daha çox dövlət şirkətləri vasitəsilə həyata keçirilir. Bu, müəyyən mənada daha rahat icra olunur. Söhbət əsasən enerji daşıyıcılarından, yanacaq məhsullarından gedir.
Gələcəkdə bu siyahıya təbii qaz və elektrik enerjisinin də daxil edilməsi mümkündür və bu, normal iqtisadi əməkdaşlıq çərçivəsində qiymətləndirilir.
Lakin özəl sektorun bu prosesə qoşulması üçün hələ də bir sıra texniki məsələlərin həlli vacibdir. Xüsusilə bank köçürmələri ilə bağlı problemlər aradan qaldırılmalı, qarşılıqlı ödəniş sistemlərinin tanınması təmin olunmalıdır.
Eyni zamanda, müqavilələrin qarşılıqlı tanınması məsələsi də həllini tapmalıdır. Bu isə müvafiq hüquqi və prosedur qaydaların formalaşdırılmasını tələb edir".








