“Təzadlar”a Bakının Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10-da yaşayan Aygün Əmiraslanovadan şikayət məktubu daxil olub. Şikayətçi bu yaxınlarda dələduzluq əməlinə görə həbs olunmuş baxıcı və teleaparıcı kimi tanınan İlham Mirzəyevin əlindən qan ağlayır. Şikayətçi məktubunda yazır:
“Hörmətli “Təzadlar”!
İlham Mirzəyev məni - 3 körpə oğul anasını alimentdən imtina etməyim üçün şərlədib həbs etdirir. İş adamı Asif Əliyev kimi. Xahiş edirəm, Asif Əliyevlə əlaqə saxlamağa mənə yardım edin, o, məni yaxşı başa düşər.
Bildirirəm ki, 3 oğlum var. Çox çətinliklə dolanıram. 7 ildir çıxarılmış məhkəmə qərarları içra olunmur. Belə ki, həyat yoldaşım Kərimov Nurlan Bəylər oğlu İlham Mirzəyevin sayəsində ali təhsili olmadan “Spesial” mərkəzini yaradaraq oranın direktoru işləyir. Lakin alimenti ödəmir. İcra məmurları onun qanunzuz hərəkətlərini müdafiə edirlər. Ona kömək edən isə yaxın dostu İlham Mirzəyevdir. Məsələn, 15.03.2014-cü il tarixdə icra məmuru İlham Mirzəyevin tapşırığı ilə mənə tələ qurub şərlədi... Qarşıma şərt qoydular ki, ya alimentdən imtina etməli, ya da həbs olunmalıyam. Bununla da törətmədiyim çinayətlə bağlı barəmdə cinayət işi açıblar. Və mən tək, kimsəsiz, köməksizəm. Bütün bunların arxasında isə falçı İlham Mirzəyevin çirkin əməlləri durur. Onu bu yaxınlarda dələduzluq əməlinə görə həbs etsələr də, mən günahsız qadın əzab çəkirəm. Xahiş edirəm, “Təzadlar” olaraq mənə təcili yardım edəsiniz. Mən bu şər-şəbədədən necə can qurtarım?”
***
Redaksiyadan: Dünən şikayətçi Aygün Əmiraslanova ilə telefon əlaqəsi yaradaraq bəzi məsələlərə daha geniş aydınlıq gətirdik. O dedi:
- 7 ildir yoldaşımdan boşanmışam, amma o, bu illər ərzində aliment ödəməkdən imtina edib. Maddi imkanı olsa da, məhkəməyə saxta sənədlər təqdim edir, ödəniş etməkdən boyun qaçırır. İndiyədək ona yaxın münasibətdə olduğu İlham Mirzəyev himayədarlıq edib. Mən Nurlanla ailə quranda o restoranlarda, kafelərdə müğənnilik, tamadalıq edirdi. Elə o vaxtlardan o, insanları aldadırdı, borc alıb qaytarmırdı. Onun borclarını isə mən ödəməli olurdum. Həmin vaxtlar müəllimə işləyirdim, amma uşaqlar olandan sonra işdən çıxmaq məcburiyyətində qaldım. Üçüncü oğlum olandan sonra artıq Nurlanla münasibətlərimiz tamam pisləşdi. Kirayə pulunu ödəyə bilmədiyimizə görə evdən çıxarıldıq, anamın yanında yaşamağa başladıq.
Bundan sonra ərimin xasiyyəti dəyişməyə başladı. Kişiyə uyğun olmayan geyimlər geyirdi, saçlarının rəngini dəyişirdi, gözlərinə linza qoyurdu. İşlədiyi restoranlara gedib maraqlandım, heç də xoş sözlər eşitmədim. Demək olar ki, evə pul vermir, bizimlə maraqlanmırdı. Bütün bunlardan sonra 2007-ci ildə boşandıq. Suraxanı rayon Məhkəməsinin qərarı ilə 3 uşağa ümumilikdə 286 manat aliment müəyyən edildi.
Ancaq buna baxmayaraq, illərdir alimenti ödəməmək üçün müxtəlif yalanlar uydurdu, məhkəməyə saxta sənədlər təqdim etdi. O, məhkəməyə təqdim etdiyi sənədlərdə özünü Nəsimi rayonunda yerləşən “TekNur” MMC şirkətində fəhlə kimi işlədiyi göstərib. Vegilər Nazirliyinə göndərdiyim sorğuda isə N.Kərimovun “Special” psixologiya mərkəzində çalışdığı bildirilib. O, həmin mərkəzi İlham Mirzəyevin dəstəyi ilə 2012-ci ildə açıb. Onun nə psixologiya, nə tibbi, nə də pedaqoji sahədə ali təhsili var. İ.Mirzəyev falçılıq edir, Nurlan əvvəl restoranlarda tamadalıq, müğənnilik edir, bir tərəfdən də insanları aldadırdı. Alimentin icrasından qəsdən yayınan, uşaqları ilə maraqlanmayan, onların rəngini belə görməyən bir insan başqalarının uşaqlarına necə psixoloqluq edə bilər?
Məhkəmənin sonuncu qərarına əsasən, ayda 286 manat ödəməlidir. İcra məmurlarından alimenti tələb edəndə, mənə belə cavab verirlər ki, Nurlan telefonunu, noutbukunu satıb alimentin bir hissəsini ödəyib. 7 ildir Nurlanın nəyisə satıb alimenti ödəyəcəyi deyilir. Üstəlik, həmin mərkəzi işlətmək üçün 5500 manat rüsum ödəməlidir, rəsmi icazəsi yoxdursa, təhsili olmadan fizioterapevt kimi necə çalışır?
Onu da qeyd edim ki, bu ilin mart ayında məni məhkəməyə çağırıb Nurlanın aliment ödəyəcəyini dedilər. Nurlan və anası Şəfəq də orada idi. Aliment ödəniləndən sonra qaynanam uşaqlarıma və mənə söyüş söydü, qarğış elədi. Mən evə gələndən sonra məhkəmədən zəng edib dedilər ki, qayınanan məndən şikayət edib ki, guya onu döymüşəm. Bundan sonra mənə qarşı qaynanama xəsarət yetirməyimlə bağlı cinayət işi açıldı. Baxmayaraq ki, məhkəmənin binasında kameralar var idi, əgər elə bir hadisə baş versəydi, onu fakt kimi istintaqa təqdim etməli idilər. Halbuki elə bir hadisə baş verməyib. Bir də ki, o qədər kişinin yanında mən onu necə döyə bilərdim? Mənim qarşıma isə şərt qoydular ki, ya alimentdən imtina etməliyəm, ya da mənə qarşı cinayət işi açılacaq. Mən etiraz etdim ki, bu mümkün deyil, aliment ödənilməlidir. Bundan sonra Suraxanı rayon prokurorluğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma - red.) maddəsi ilə haqqımda cinayət işi açıb. İcra məmuru şahid qimsində izahat verib ki, guya mən qayınanamı döyəndə o görüb. Ekspertiza da saxta rəy verib ki, qaynanamda beyin sirkələnməsi baş verib. Əslində heç bir hadisə baş verməyib, bunların hamısı bir oyundur, məqsədləri məni alimenti tələb etməkdən çəkindirməkdir. İcra məmurları da keçmiş həyat yoldaşımın qanunsuz hərəkətlərini müdafiə edir. Ona bu günədək kömək edən isə dostu İlham Mirzəyev idi. Halbuki İlham Mirzəyevin özü də bu yaxınlarda dələduzluq maddəsi ilə həbs olunub. Məsələ ilə bağlı rayon və Bakı şəhər prokurorluğuna şikayət etməyimə baxmayaraq, məni qəbul edib dinləmirlər”.
A.Əmiraslanova aidiyyəti qurumlardan onun və övladlarının hüquqlarının qorunmasını xahiş edir.









